GündəmManşetSiyasətXəbər xətti

YOLU ANLAYANLARLA YOLA DAVAM

Qardaş Qazaxıstan üzərindən günün sualı budur: Tarix kimi daha çox ittiham edəcək: Rus qoşununu ölkəyə çağıranları, yoxsa onun çağırılması üçün meydanlarda zəmin hazırlayanları? Bay və bayan saxta demokratlar, dələduz vətənşüvənlər, sosial aləmə soxulmuş ədəbiyyat və siyasət təlxəkləri! Sizlərə deyirəm, sizlərə: hər iksini ittiham edəcək, hər ikisini! Bir insana olduğu kimi, bir xalqın da çoxluğuna lazımı təhsili, mədəni davranış qaydalarını illərlə aşılayırsan ki, hansı mühitdə olursa-olsun, emosiyaları ağlına qalıb gəlməsin. Bunu aşılamayanlar qədər çevrədəki faydalı dəyərləri öyrənmək istəməyənlərin də günahı hər zaman üzüründən betər olacaq! Və bir də idarə edə bilməyəcəyin kütləni küçəyə çağırıb sonra onun girovuna çevrilməyəcəyini öncədən düşünməlisən. Biz axı bunu keçmişik. 1988-ci ilin meydanında, 20 yanvarın vəhşətində, Xocalıdan sonrakı hakimiyyət dəyişikliklərində…Bir misqal boyu ağıllanmayanlar indi də buna oxşar hər məkanda gəncliyi keçilmiş həmin məcara yolu ilə aparmağa çalışırlar.
Öz ölkəsinə yad qoşunları çağırıb iğtişaşları yatırmaq bütün hallarda həmin ölkənin rəhbərinin unudulmayacaq səhvi və ya bağışlanmaz günahıdır. Bəlkə də cinayətidir. İllər sonra məhz bu davranışa görə qasımın comərdliyi deyil, sultanın nuru bu məmləkət üzərində yenə də hakim olacaq. Anlayacaqlar ki, Nursultan prezidentlikdən getsə də hakimiyyətdən nədən getmədi. Ona görə getmədi ki, kimsə cəsarət edib yad qoşunu ölkəyə çağırmasın. Çünki o, Dinmuhəmməd Kunayevdən sonra baş verən etirazlarda süngülərdə doğram-doğram edilən qazax gəncliyinin fəryadını qulağında saxlamışdı. Nursultan yüzlərlə qazax gəncini aullardan yığaraq Avropada yetişdirirdi ki, sabah təlatümsüz yolla bu ölkənin sahibinə çevrilsinlər. Nursultan haqlı olaraq Qazaxıstan kimi sürgün dövlətində, kriminal artıqlığın, səhra ənginliyinin içində kökü kəsilmiş qazax kimliyinin dirilişi üçün lazım olandan daha artığını etdi. Həm də Rusiya və Çin kimi gözünü buraya dikmiş qiqantlar arasında o böyüklükdə ərazini çiyninə alaraq Türk arealına və müasir dünyaya daşımağı bacardı. O haqlı olaraq demokratiya uğrunda deyil, demoqrafiya uğrunda mübarizə apardı və bu mübarizədə böyük uğur əldə etdi. Qazaxları ölkə və bölgə siyasətinin ağırlığını daşıyacaq saya qədər çatdıra bildi. Üstəlik iqtisadiyyatı da digər Orta Asiya ölkələrindən daha sabit və inkişafa yönəlik səviyyədə qorumağı bacardı. Uğurlu neft müqavilələri bağladı və enerji resurslarını xaricə satışını reallaşdırdı. Bütün əlverişli layihələrdə ən aktiv rol aldı. Ən əsası da Türk birliyinin memarı olaraq Rusiya ilə də şəxsiyyətli, bərabərhüquqlu, balanslı münasibətlər qurmağı ən mükəmməl formada bacardı. Ölkə üçün Türküstan və Nursultan kimi iki möhtəşəm paytaxt saldı, qazax kimliyinə ali dəyər qazandırdı. Bu ölkədə əzəl başdan demokratiya qurmağa çalışsaydı iki-üç il içində özünü milliyətçi, yaxud islamçı etiketi ilə qaragürçu zehniyyət hakimiyyətdən aşıracaqdı və tam rusafob marionet bir ölkəyə çevriləcəkdi Qazaxıstan.
Bəs bu böyük adamın böyük səhvi nə idi: Hamı kimi o da, sədaqətli varis barədə düşündü. Bu əksər böyük missiya yerinə yetirənlərin yol verdiyi səhvlərin təkrarı idi. Anlamırlar ki, adam hansısa şəxsə sədəqət barədə nə qədər and içsə də, həmin şəxsin səlahiyyət statusu və yaxud əxlaq dəyərləri dəyişdiyində, ondan üz çevirəcək, ona qarşı düşmənə çevriləcəkdir. Sədaqətin nüvəsini sağlam əxlaq dəyərləri, ağıl və məsuliyyət hissi təşkil etməlidir. Ağıllı, əxlaqlı, məsuliyyətli adam həm də sədaqətli adam deməkdir. Nursultanın bu xarakterdə bir varis yetişdirə bilməməsi kərpic-kərpic qurduğu qazax dövlətinə sağalmaz yara vurdu.
Boşboğazlar, danabaşlar, siyasətdən anlamayanlar, mədə qurultusundan başqa səs eşitməyənlər! Dünən “Qazax xalqı azadlıq mübarizəsinə qalxdı” deyib, indi də “Qazax xalqını gülləbaran edirlər” deyirsiniz. Məgər başladığınız tezisin arxasınca bu nəticənin gələcəyini görmürdünüz? Söhbət Şərqdən gedir Şərqdən. Din ehkamının tarix boyu azad düşüncəyə qalib gəldiyi Şərqdən gedir. İranda kütlənin nə qurduğunu görmədinizmi? Əfqanıstanda necə, onu da görmədiniz? Çeçenistanda, Dağıstanda başqa nə qurula bilər ki? Elə bizdə də, demokratiyaya hazır cəmiyyət qurduğunuzumu düşünürsünüz? Haqlısınız, Əbülfəz Elçibəy demokratik dünyagörüşə sahib şəxsiyyət idi! Ondan sonra demokratiyanın “D” hərfinə yaxın, yaxud da demokratiyanın hamballığını etməyə hazır çoxmu adamımız vardı? Həmin adam yalvarmırdı ki, rüşvəti bir az insafla alın? Həmin adam demirdi ki, indi məni seçirsiniz, demokratik dünyagörüşünüz olmadığına görə bir ildən sonra özünüz aşıracaqsınız?
Azərbaycanda demokratiyanı arzulayan kiçik bir səmimi azlığın başında xalqın alt qatlarında qonşu ölkənin yerləşdirdiyi din cəhalətinin elə bir yumruğu çatlayacaqdır ki, avtirotar dediyi, dözülməz dediyi dünyəvi iqtidarın xiffətini hamıdan çox çəkəcəklər. Burada həm də qiqantlarla hələ ki, tarazlı münasibət qurmuş və nəticədə Qarabağı azad etmiş iqtidardan söhbət gedir. Bunu qətiyyətlə deyirəm, əsrlərdir özümüzə təlqin etdiyimiz kimi, bizim rus düşmənimiz yoxdur, fars düşəməniz yoxdur, gürcü və başqa düşmənimiz yoxdur. Bizim düşmənimiz öz cəhalətimizdir. Sən dünyanı normal öyrənmirsənsə, sən burnundan uzağı proqnozlaşdıra bilmirsənsə, sən işığa çağıran yolu qoyub it hürən tərəfə gedirsənsə, rus, fars, gürcü, erməni buna nə etsin? Özünü yeniləşməyə çağıra bilməyən, özünə şəxsiyyət qazandırmayan xalqlar bu missiyanı başqasına həvələ etməyə məhkumdurlar.
Azərbaycanın da alt qatlarında elə minalar basdırılıb ki, dövlətin zəif anında hər şey faciəyə sürüklənə bilər. Ölkədə sağlam müxalifət məsuliyyəti çox zəifdir, virtual kütlə isə daha çox məsuliyyətsiz vətənşüvənlərin və ya təlxəklərin dalınca gedir. Qaragüruhun qonşu ölkələrin hazırladığı din cəhaləti üzərindən ilk fürsətdə boy verməsinə də real təhlükə kimi baxmaq lazımdır. Azərbaycanda daha dəhşətlisi isə dövlətin vəzifəsini iki əllə qamarlayanların dövlətin məsuliyyətini barmağının ucunda belə götürməkdən yayınması gerçəyidir. Xüsusilə də gəncləşmə, kembricləşmə, oksfordlaşma, qaqaşlaşma adı ilə dövlət məsuliyyəti olmayanların səlahiyyətləri zəbt edərək vətəndaşa xidmətdən uzaqlaşma taktikasından gedir. Ölkədə sosial narazılığın əsasında dayanan əsas amil həm də iki müqəddəs “İ”dən imtina olunmaması ilə bağlıdır. İnhisarçılıq və İmtiyazçılıq tədricən tərk edilməlidir ki, vətəndaş ac siyasi insandan normal qayğıları ilə adam kimi yaşayan sosial insana doğru öz yaşamına geri qayıtsın.
Zəngəzur hədəfindən bu qalib dövləti, bu qalib dövlət rəhbərini yayındırmaq istəyən haqlı ya haqsız olsun, bütün elementlərin, bütün bəhanələrin qarşısını ancaq səmimi islahatlarla almaq mümkündür. Buna köklü demokratik islahatlar adını da vermirəm, sadəcə iqtisadi azadlıqların genişlənməsi üçün hərə öz əlindəki süni imtiyazdan bir misqal geri çəkilsə o boşluq böyük əksəriyyət üçün geniş imkan və məşğulluq sahəsi açacaqdır ki, bu da iqtisadi canlanmanın başlaması deməkdir. Bir də sağlam müxalifətlə açıq, səmimi dialoq mühitini genişlətmək, onların fikir və təkliflərini diqqətə almaq zəruridir ki, artıq küçənin, meydanın siyasi çözüm yeri olmadığını və nəticələrinin Qazaxıstandakı sonluğa vara biləcəyini ağıllı, sağlam düşüncəli insanlarımız axmaqlara, vətənşüvənlərə, təlxəklərə izah edə bilsin.
Bilirəm, istər-istəməz Qazaxıstan dərsləri bizdə hələ çox müzakirə olunacaq. Müqayisələr də olacaq. Ancaq bir dərsi öyrənmək üçün gözü çıxmış qardaşa baxmaq bir çox hallarda yetərli olmur. Sadəcə görən gözünüzlə dünyaya və qarşındakı kitaba göz gəzdirsən, anlayacaqsan ki, bu günün əsas hədəfi Zəfər yolunu Zəngəzura qədər uzatmaqdır. Sonra əminəm ki, iqtidarlı-müxalifətli arzulanan, həsrəti çəkilən demokratiyanı hamımız bir ağızdan istəyəcəyik və bu məmləkətə gətirəcəyik. Yolu anlayanlarla Yola davam!
Fazil Mustafa, millət vəkili