Paşinyan və onun komandasını himayə edənlər delimitasiya və demarkasiyanı ləngitməyə çalışırlar – Elçin Mirzəbəyli
Ermənistan 10 noyabr 2020-ci il bəyanatının müvafiq müddəaları çərçivəsində və bu çərçivədən kənar müharibədə məğlub olan tərəf kimi üzərinə çoxsaylı öhdəliklər götürüb. 10 noyabrda imzalanan sənəd “bəyanat” adlandırılsa da de-fakto kapitulyasiya haqqında çərçivə sazişidir. Çərçivə sazişində isə, bir qayda olaraq bütün bütün məqamlar yer almır, daha dəqiq desək, ümumiləşdirilmiş şəkildə qeyd olunur.
Sazişin mahiyyətindən irəli gələn digər məqamlar isə ya əlavə sənədlərlə, ya da şifahi razılaşmalar əsasında, işçi qruplarının fəaliyyəti çərçivəsində tənzimlənir. 44 günlük Vətən müharibəsinin nəticəsi və 10 noyabr bəyanatının mahiyyəti Ermənistan tərəfindən ilhaq edilmiş bütün Azərbaycan ərazilərinin azad edilməsini, dövlət sərhədlərinin süquta uğramış SSRİ-də təmsil olunan respublikaların daxili sərhədlərinə uyğun delimitasiya və demarkasiyasını tələb edir. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və komandası, həmçinin bu komandanı himayə edənlər, nəyin bahasına olursa olsun delimitasiya və demarkasiya ilə bağlı razılaşmaların icrasını ləngitməyə çalışırlar. Çünki delimitasiya və demarkasiya prosesi çərçivəsində atılan istənilən addım Nikol Paşinyanın rəqibləri, bəzən isə, dolayısıyla elə onun öz komandasının stimullaşdırıcı addımlarıyla ətrafında ajiotaj yaradılan hadisəyə çevrilir. Paşinyan hakimiyyəti isə baş verənlərin neqativ yükünü Rusiyaya və bu ölkənin dominant rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yönəltmək üçün, sanki Ermənistan-Azərbaycan sərhədində yeni bir hadisə baş veribmiş kimi təqdim etməyə cəhd göstərir. Burada, şübhəsiz ki, Azərbaycanının “aqressor” kimi təqdim edilməsi cəhdi də var ki, bu da 10 noyabr bəyanatının müddəalarının və digər razılaşmalarının icra edilməməsi üçün ölkəmizə qarşı beynəlxalq təzyiqlər üçün bəhanələrin yaradılmasına cəhdlər də var. Paşinyanın son davranışlarında Qərb tüxnoloqlarının ənənəvi “bəhanəyaratma” texnologiyalarının izi açıq-aşkar görünməkdədir. Soros xətti və bu xəttin ABŞ departamentindəki uzantılarının, həmçinin qlobal maliyyə sisteminin təmsilçisi Emmanuel Makronun son açıqlamaları da, prosesin vahid mərkəzdən idarə olunduğunu düşünməyə əsas verir. Nikol Paşinyanın KTMT-yə müraciət etməsinin təməlində də məhz bu “vahid mərkəz”in müəyyənləşdirdiyi strategiya dayanır. Bu strategiyanın əsasında da Rusiyanın Azərbaycanla üz-üzə qoyulmasına, həmçinin 10 noyabr bəyanatının və digər razılaşmaların mahiyyətini yaxşı bilən, prosesin iştirakçısı olan Rusiyanın və KTMT-nin Ermənistanın ictimai rəyində gözdən salınmasına cəhdin olduğunu ehtimal etmək mümkündür. Bununla da Paşinyan həm də Rusiyayönümlü tezislərlə çıxış edən rəqiblərini çıxılmaz duruma salmaq niyyəti güdür. Nikol və himayəçiləri Rusiyanın Azərbaycanla qarşı-qarşıya gətirməyin mümkün olmayacağını, KTMT-nin bu prosesə cəlb edilməsi üçün də heç bir əsas olmadığını kifayət qədər yaxşı bilirlər. Daha öncə də qeyd etdiyim kimi, delimitasiya və demarkasiya prosesi SSRİ dövrünə aid xəritələr əsasında həyata keçirilir və Azərbaycan da bu xəritələrdə müəyyənləşmiş sərhədlərdən irəliyə doğru bir addım da atmayıb.