GündəmKÖŞƏXəbər xətti

Xəritəsoxuşduranlar, yaxud Tolstoyun və Solovyovun Rusiyası – Elçin Mirzəbəyli yazır

Azərbaycanda, xüsusilə də ölkənin ictimai rəydə Rusiyaya münasibətdə heç vaxt etimadlı münasibət olmayıb. Olması da mümkün deyil. Tarixi Azərbaycan torpaqlarında erməni əyaləti, erməni dövlətinin yaradılmasından ərazilərimizin işğalına və bu işğalın 30 illik bir zaman kəsiyində geosiyasi alver predmetinə, təzyiq vasitəsinə çevrilməsinədək… varaqladığımız hər səhifədən ədalətsizlik qarsıb üzümüzü…
Baxmayaraq ki, azərbaycanlılar ruslara, Rusiyaya münasibətdə həmişə yaxın qonşuluq münasibətindən çıxış ediblər, əxlaqlı və tolerant davranıblar. Rus dili və mədəniyyətinin bizim ölkəmizdə xüsusi statusu olub və bəzən bu status ifratçılığın ən son həddini də ötüb keçib. Amma yenə də səbrli, təmkinli davranmışıq, hətta “beşinci kolon”unu da yola vermişik…
Əvəzində isə qarşımızda olan hər kəsin yanında Rusiyanın siyasi elitasının erməni təfəkkürlü, erməni əxlaqlı, yaxud erməni sevdalı nümayəndələrini görmüşük.
Haqlı olduğumuzu bilə-bilə üzərimizə çaqqal kimi hücuma keçiblər, gecə-gündüz mediadan başqa hər şeyi xatırladan telekanallarından qudurmuş it kimi hürüşüblər. Amma yenə də dişimizi dişimizə sıxıb bu ədalətsizliyə nə zamansa son veriləcəyinə ümid bəsləmişik. Bizə Dostoyevskidən, Çexovdan, Puşkindən, Yesenindən danışıblar, amma qarşımıza mediada simasızlığın, ləyaqətsizliyin, ümumiyyətlə dünyada insanlıq, haq, ədalət və kişilik əleyhinə olan nə varsa -cəminin əvəzedilməz simvolunu – Solovyovu çıxarıblar. Solovyova baxıb Tolstoyu oxumuşuq ki, Rusiyanı ikincinin Vətəni gözündə görə bilək.
***
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatından sonra, şimal qonşumuzun Qafqaza balayanların, köçəryanların yox, Tolstoyun, Yeseninin gözü ilə baxdığına, azacıq da olsa ümid bəsləməyə başlamışdıq. Amma çox keçmədi gözləntilərimizin bir tərəfi 30 ilə yaxın müddət ərzində işğala dəstək verənlərin tərəzisi kimi əyildi…
Bəyanatın ilkin müddəalarının həyata keçirildiyi zaman kəsiyində Rusiya sülhməramlılarından “mələk” düzəldənlərin, yaxud çayı keçməmiş çıxrmananların apardıqları təbliğata rəğmən, mavi papaqların altında gizlənən buynuzların yavaş-yavaş üzə çıxdığının şahidi olduq. “Sülhməramlı mələklər” mühafizə etdikləri ermənilər kimi hər gün əllərinə bir xəritə alıb “qapımızı döyməyə” başladılar.
10 noyabr bəyanatında nəzərdə tutulan hüdudları aşan bu yeni “xəritələr”in harada və kimlərin diqtəsi ilə, hansı əsaslarla hazırlandığı barədə isə baş verənlərdən ciddi narahatlıq keçirən Azərbaycan cəmiyyətinə heç bir məlumat verilmədi və hadisələrin gedişatı da göstərir ki, “xəritəcızanlar”ın gündəmində belə bir müzakirə mövzusu yoxdur.
Kim çızır bu xəritələri? Səbəb nədir? Nə istəyir Rusiya? Bu xəritələri Rusiya sülhməramlılarına kim ötürür? Bu rəsmi Moskvanın mövqeyidir, yoxsa…? Hərçənd ki, Rusiyanın siyasi gündəminin əsas mövzularından olan bir prosesə kimlərinsə öz arzu və istəklərinə uyğun olaraq “xəritə soxuşdurduğuna” inanmaq çətindir. Və belə anlaşılır ki, telekanalları gecə-gündüz başqalarını ikili standartlarda, riyakarlıqda, öhdəliklərə əməl etməməkdə, məsuliyyətsizlikdə ittiham edən şimal qonşumuz eyni davranışları özü sərgiləməyə başlayıb. Zatən bundan öncə də sərgiləyirdi… Amma bu qədər də yox. Ən azından üzərindən bir neçə il keçirdi… Amma indi heç 40 gün də keçmədi…
Azərbaycan cəmiyyəti Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə onsuz da müsbət yanaşmır, son 30 ilin təcrübəsindən çıxış edərək rus hərbçilərinin bu və ya digər ad altında prosesdə iştirakına etimad göstərmirdi. Əslində etimad üçün, daha öncə qeyd etdiyim kimi ortalıqda hər hansı bir səbəb də yox idi. Üçtərəfli bəyanatda azərbaycanlıların etimad göstərdiyi yeganə imza Ali Baş Komandan, Prezident İlham Əliyevə məxsus idi ki, bugünkü səbrin də, təmkinli davranışın da təməlində yalnız və yalnız Azərbaycan dövlətinin başçısına olan sonsuz inam dayanır. Vaxtaşırı, xüsusilə də Rusiya mediasının nümayəndələrini görəndə, “Pravda” qəzetinin müxbiriylə söhbət etdiyini düşünüb koxoz sədri kimi danışan bəzi deputat, politoloq və ekspertlərdən fərqli olaraq, Azərbaycan vətəndaşları öz dövlətinin başçısından başqa kimsəyə etimad göstərmir. Azərbaycandakı ictimai rəy haqqında bəzi dairələrin hazırladıqları “hesabatlar” isə 3-5 satqın və xainin şəxsi mövqeyini, yaxud kimlərəsə xoş gəlmək üçün görüntülədikləri qeyri-səmimi münasibəti əks etdirir… Bunu da ona görə yazdım ki, çox da zad eləməsinlər…Yəni boş yerə əziyyət çəkməsinlər, ümidlənməsinlər…
Hazırda ortalıqda olan reallıq da ondan ibarətdir ki, Rusiya öz öhdəliklərini pozur.
Xəritələrlə manipulyasiya və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər də bunu sübuta yetirir. “Cadugər axtarmaq” isə bizim vəzifəmiz deyil. Günahkar siyasi hakimiyyətdir, xarici siyasət idarəsinin başbilənləridir, ordu və ya sülməramlı missiyanın rəhbərliyidir və yaxud başqa birisidir, hər halda bunun bizim üçün heç bir fərqi yoxdur və olmamalıdır da… Çünki sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə , eləcə də birgə üçtərəfli bəyanatla tənzimlənir. Hər halda bəyanata sülhməramlılar, yaxud hərbçilər imza atmayıblar…
Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçularının Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlarına, bu hücumlar nəticəsində ölüm və yaralanma hallarına görə də, Rusiya sülhməramlıları birbaşa məsuliyyət daşıyırlar. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdi. Məhz bu səbəbdən, keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlər Azərbaycanın nəzarətindədir. Əgər yeni hallar baş verəcəksə, şübhəsiz ki, Azərbaycan tərəfindən adekvat addımlar atılacaq!
Rusiya sülhməramlıları isə hazırlayıb yaydıqları və reallığı əks etdirməyən xəritələrini qatlayıb arxa ciblərinə qoysalar daha yaxşı olar…
Azərbaycan xalqı Vətən müharibəsi dövründə Rusiyanın Ermənistanı fasiləsiz olaraq silahlandırmasını yaxşı xatırlayır, Gəncə, Bərdə və Tərtər şəhərlərinin də məhz həmin silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir. Azərbaycanda ölkənin ərazi bütövlüyü ilə bağlı vahid, sarsılmaz bir mövqe var və bu mövqeyi heç bir qüvvə dəyişdirmək gücündə deyil.
Rusiyadakı bəzi qüvvələr də yaxşı anlamalıdırlar ki, Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamaq mümkün olmayacaq. Azərbaycanlılar bölgənin ən böyük xalqı olaraq, yaşadıqları tarixi Vətənlərinin bir qarışından da vaz keçməyəcəklər. Çünkü biz bu torpaqların gerçək və yeganə sahibləriyik!
Düşünürəm ki, bu “yeni xəritələr”in dekabrın 10-dan sonra ortaya çıxması da təsadüfi deyil. Görünür bəzi dairələr Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya darmadağın edilmiş texnikanın nümayişini həzm edə bilmirlər.
Həmin dairələrin Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakından və çıxışından bərk qıcıqlandıqları da göz qabağındadır. Hər halda bu özünü ən müxtəlif və ənənəvi istiqamətlərdən büruzə verən zərif və kobud mesajlar da belə bir təəssürat yaradır. Amma anlaya bilmirlər ki, Azərbaycanla Türkiyənin, iki ayrı dövlətdə yaşayan eyni xalqın münasibətlərindən təbii heç nə ola bilməz. Anlaya bilmirlər ki, bu münasibətlər qarşılıqlı və təmənnasız sevgidən qaynaqlanır. Sevgini isə zorla, təzyiqlə, təhdidlə, siyasi oyunbazlıqla, xain və satqınlardan ibarət kiçik qrupların nüfuz müvəkkilliyi ilə əldə etmək mümkün deyil. Sevgiyə layiq olmaq lazımdır!
Rusiya istər Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır.
Rusiyada bəzi dairələr anlamalıdırlar ki, ənənəvi qaydada, digər ölkələrə qarşı olduğu kimi, Azərbaycandan da ixrac edilən məhsullara məhdudiyyətlər tətbiq olunması və bunun olduqca bəsit formada, sanitar-epidemioloji tələblərlə pərdələnməsi süni əngəl yaratmaqdan bir şey deyil və ikrah doğurur.
Azərbaycanda baş verənlərin fərqindədirlər. Bütün bunlar isə istisnasız olaraq, ölkənin ictimai rəyində anti-Rusiya meyllərinin güclənməsinə səbəb olacaq. Onsuz da Azərbaycan cəmiyyətində Rusiyaya olan etimad tükdən asılı ağır yük kimidir və xəfif bir titrəyiş də münasibətin kökündən və həmişəlik dəyişməsi üçün yetərlidir.
Rusiyadakı bəlli qüvvələr birdəfəlik başa düşməlidirlər ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan artıqlaması ilə çəkəcək.
Rusiyanın isə baş verənlərdən yeganə qazancı Azərbaycandakı imicinin tamamilə sarsılması olacaq!
Seçim həmişə var…
Elçin Mirzəbəyli