Slovakiyalı mütəxəssislər tələbələrimizə sertifikatlar veriblər
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Nəqliyyat fakültəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Slovakiyanın “SUDOP TRADE project” şirkətinin mütəxəssisləri tərəfindən aparılan “Dəmir yolunun inşaatı” adlı 1 illik kurslar yekunlaşıb. Bu gün həmin kursları uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub. Təqdimat mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, Slovakiya “SUDOP TRADE project” şirkətinin mütəxəssisi Yozef Hovanets, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.Bu barədə Aktor.Az-a Universitetdən verilən məlumatda deyilir.
Universitetin tədris işləri üzrə prorektoru A.Qasımov çıxış edərək bildirib ki, bu gün ölkə başçısının ali təhsil müəssisələri qarşısında qoyduğu əsas tələblərdən biri yüksək keyfiyyətli mütəxəssis hazırlığı məsələsidir. Bu yöndə də universitet rəhbərliyi mühüm işlər görür, istehsalat müəssisələri ilə əlaqələr genişləndirilir. Prorektor universitetdə 2 mərhələdə aparılan bu təlimlərin də dəmiryolları və magitral yollarda savadlı və bacarıqlı mütəsəssislərin yetişdirilməsində olan rolunu xüsusi vurğulayıb, fakültənin bu addımını yüksək qiymətləndirib. Slovakiyalı mütəxəssislərin dəmir yollarının əsaslı təmiri istiqamətində olan təcrübələrini tələbələrlə bölüşmələrini təqdirəlayiq hal kimi dəyərləndirib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin rəisi F.Quliyev də öz növbəsində təmsil etdiyi qurum adından hər kəsi salamlayıb. Hazırda dəmir yolları və magitral yollarda savadlı və bacarıqlı mütəsəssislərə ehtiyac duyulduğunu vurğulayan departament rəisi kursun tələbələr üçün olan faydasına diqqət çəkib.
Fakültənin dekanı E.Yusifzadə çıxışında qeyd edib ki, “SUDOP TRADE project” şirkətinin 3 layihəçisi tərəfindən aparılan kurslara maraq böyük olub. Kurslara 62 nəfər müraciət edib. Kursların yekununda isə 44 tələbə imtahan verib, onlardan 10 nəfər fəqlənmə, 15 nəfər müvəffəqiyyət, qalanları isə dinləyici sertifikatlarına layiq görülüblər. Digər çıxış edənlər də kursun tələbələr üçün olan əhəmiyyətinə diqqət çəkiblər.
Sonda kursları uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.