AZƏRTAC xəbər verir ki, Azərbaycanın Monteneqrodakı səfirliyinin nümayəndələri, Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin və Azərbaycan diasporunun nümayəndələri Podqoritsa şəhərindəki “Kral parkı”nda Hüseyn Cavidin şərəfinə ucaldılmış büstün önünə tər çiçəklər qoyaraq, xatirəsini hörmətlə yad ediblər.
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Anar Əcəmov tədbir iştirakçılarına Hüseyn Cavidin həyatı, yaradıcılığı, dramaturqun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri barədə məlumat verib. Böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağını bildirib. A.Əcəmov söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib.

Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində cənazəsi qürbətdən – uzaq Sibirdən Vətənə gətirilərək doğulduğu torpaqda dəfn edilən Hüseyn Cavidin xatirəsinin Monteneqroda əbədiləşdirilməsi və büstünün ucaldılması Prezident İlham Əliyevin “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən 2013-cü ildə gerçəkləşdirilib.