GündəmManşet

“Azərbaycan sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib” – Niyaz Niftiyev

“Prezident İlham Əliyevin multikulturalizm sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək son 15 ilin ən mühüm nailiyyəti hesab oluna bilər”.Aktor.Az xəbər verir ki, bunu “Sherg.az”a açıqlamasında Prezident İlham Əliyevin “Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır” sözlərinə münasibət bildirərkən “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müəllifi, araşdırmaçı-jurnalist Niyaz Niftiyev deyib.
Azərbaycanın multikultural dəyərlərini şərh edən müəllif bəyan edib ki, müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb. Daha qlobal səviyyəyə yüksəltməyə imkan verib:
“Bu mənada “Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı olaraq, Prezident İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprelində Bakıda “Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu”nun keçirilməsi təşəbbüsü irəli sürüldü. “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun ölkəmizdə təşkili İslam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artırmasına xidmət edirdi. Xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə Forumun hər iki ildə bir keçirilməsi ilə bağlı Prezidenti İlham Əliyev 2011-ci il mayın 27-də Fərman imzaladı.
Fərmana uyğun olaraq, ölkə başçısının himayəsi və iştirakı ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında 2013-cü ildə Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 2015-ci il mayın 18-19-da “Bakı prosesi” çərçivəsində paytaxtımız yenidən Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Forumda bir daha sübut olundu ki, “Bakı prosesi” ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının beynəlxalq səviyyədə model kimi istifadə olunmasına yönəlik fəaliyyətidir. Yəni, “Bakı prosesi” həm multikultural, həm də interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusudur. Bu amil ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmlədir və müxtəlif mədəniyyətlər arasında körpü rolu oynamasını təmin edir. Həmçinin, Azərbaycan dövlətinin təşəbbüsü beynəlmiləl status qazanır.
Araşdırmaçı-jurnalistin sözlərinə görə, bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. Bunun da həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var:
“Azərbaycanda bütün xalqlar, dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Prezidentin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. Həmin mövqeyə görə, çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda, mədəniyyətlərarası dialoq təcrübəsini dünya ictimaiyyətinə təklif edir”.