GündəmManşetSiyasətTəhsil

Hafiz Paşayev:”ADA çox yaxşı akademik nailiyyətlər əldə edib”

Bu gün ADA Universitetində VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Gələcəyə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” adlı “dəyirmi masa” keçirilib.Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının yaradılmasını çox vacib addım kimi dəyərləndirib.

O, bu gün bir çox xarici ölkələrin tələbələrinin Azərbaycanda təhsil aldığını söyləyib: “Xarici tələbələrin ADA Universitetində oxuması təsadüfi deyil. Çünki bu ali məktəb özünü artıq dünyaya tanıda bilib. Eyni sözü Azərbaycan Dövlət Neft və Sənaye Universiteti haqqında da deyə bilərəm”.

ADA Universitetinin rektoru Hafiz Paşayev isə bildirib ki, hazırda universitetdə 40 ölkədən 99 tələbə təhsil alır.

ADA Universitetinin çox yaxşı akademik nailiyyətlər əldə etdiyini deyən rektor Azərbaycanda çox yaxşı kadrların olduğunu, ona görə də gələcəyə ümidlə baxdıqlarını söyləyib.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.