ManşetSiyasət

Deputat: Fransa bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə səfəri əlaqələrə ciddi kölgə salır

Bunu Trend-ə Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki etnik ermənilərin çoxluq təşkil etdikləri Fransanın Alforvil, Valans, Sent-Etyen və Arnuvil şəhərlərinin bələdiyyə başçılarının cari ilin sentyabr-oktyabr ayları ərzində Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri, o cümlədən 30 ildən artıqdır erməni lobbisinin əlində alətə çevrilmiş Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejmlə intensiv təmasları bir sıra nəticələrə gəlməyə əsas verir:

“Birincisi, Fransanın yüksək rütbəli təmsilçilərinin separatçı rejimlə belə təmasları ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycan qanunvericiliyinin mühüm tələblərinə, o cümlədən Fransanın milli qanunları və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik və onların kobudcasına pozulması aktıdır. İkincisi, bu addımlar ümumən radikalizm, ekstremizm və terrorizmlə yanaşı, eyni zəncirin mühüm halqası olan separatizmin, konkret halda isə Azərbaycanın işğal altındakı ərazisi olan Dağlıq Qarabağda bu təhlükə mənbəyinin təbliği və təşviqi anlamındadır. Belə siyasət, ilk növbədə, ərazisində Korsika, Bretan, Yeni Kaledon, Polineziya, Mayotta və s. kimi potensial separatizm ocaqlarının “tüstüləndiyi” Fransanın uzaq olmayan perspektivdə eyni mənbədən qidalanmaqla milli maraqlarının hədsiz təhlükə altına alınmasına rəvac verə bilər. Üçüncüsü, qeyd edilən qeyri-qanuni hərəkətlər, o cümlədən Fransadan olan merlərin qondarma rejimin separatçıları ilə Qarabağın tarixi mərkəzləri olan Şuşada və Laçında imzaladıqları “dostluq xartiya”ları nəticə etibarilə Azərbaycan-Fransa dostluq və tərəfdaşlıq münasibətlərinin həm keçmişinə, həm bu gününə, həm də gələcəyinə ciddi kölgə salan hadisələrdir”.

Millət vəkili bildirib ki, Azərbaycan Fransa ilə məhz qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlıdır, lakin təəssüf ki, Fransanın bəzi siyasi və lobbi dairələri bu ölkənin böyük dövlətçilik maraqlarını bir kənara atıb, cılız və dar erməni mənafeyinin keşiyində dayanmağa üstünlük veriblər. Bununla da beynəlxalq hüququn deyil, separatizmin, etnik təmizləmə siyasətinin, terrorçuluğun və insanlıq əleyhinə cinayət olan soyqrımın yanında yer alıblar. Bu hal Fransanın əlində bayraq etdiyi və ayrı-ayrı dövlətlərə qarşı ikitərəfli və Avropa İttifaqı çərçivəsində təzyiq elementi kimi istifadə etdiyi demokratik dəyərlərin ayaqlar altına atılıb tapdalanması effektini yaradır:

“Dördüncüsü, Fransada yaşayan təxminən 500 minlik erməni diasporu və lobbisinin cızdığı çevrədə “rəqs edən” bu üzdəniraq siyasətbazların qanunazidd davranışı, heç şübhəsiz, bu dövlətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməində üzərinə götürdüyü vasitəçilik missiyası ilə ziddiyyət təşkil edir. Tərəfsiz, qərəzsiz və obyektiv mövqe vasitəçilik institutunun əsas fəlsəfəsini təşkil edir. İndiki halda isə Fransanın səlahiyyətli təmsilçilərinin işğal altındakı ərazilərə dəfələrlə təkrarlanan qeyri-qanuni səfərləri rəsmi Parisin münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizliyi, üzərinə düşən missiyanı qərəzli, tərəfkeş və qeyri-obyektiv formada yerinə yetirməsi kimi qiymətləndirilməlidir. Əks halda necə ola bilərdi ki, sabiq deputat Fransua Roşbluan Fransa parlamentində təmsil olunduğu uzun müddət ərzində təkcə qanunverici orqan çərçivəsində yaradılmış “Fransa-Ermənistan dostluq qrupu”na deyil, eyni zamnada eyni çərçivədə fəaliyyət göstərən “Fransa-Dağlıq Qarabağ” dostluq qrupuna da rəhbərlik edə bilib? Axı necə mümükün ola bilir ki, siyasi kursunda separatizmə “yox” deyən Fransa parlamentində separatçı rejimlə dostluq qrupu fəaliyyət göstərə bilir? Nəhayət, axı demokratik Fransanın terrorçu və separatçı Ermənistan və onun yaratdığı oyuncaq rejimlə dostluğu niyə mümkün olur?”

Professor əlavə edib ki, bu kimi suallar bu gün təcili cavabını gözləyir. Əks halda hüquq və güc arasında qlobal balansın pozulduğu müasir sivilizasiyamız fəlakətlərin girdabında məhvə sürüklənə bilər:

“Beşincisi, yuxarıda sadaladığımız reallıqların məntiqindən qaynaqlanaraq Fransa dövləti və onun ali rəhbərliyi həm öz böyük milli maraqlarından, həm də qlobal dünyanın təhlükəsizlik maraqlarından çıxış edərək bu kimi separatizmə dəstək və onun təşviqi kimi təxribatçı əməllərə qarşı prinsipiallıq və qətiyyət göstərməli, həyəcan təbili çalmalıdır. Separatizmə qarşı bütün dünya ölkələri koordinasiya olunmuş fəaliyyət göstərməlidir. Mübarizə “hər yerdə və hər zaman” prinsipi ilə aparılmalıdır. Separatçılar arasında “yaxşı” və “pis” bölgü aparılması prinsipi qəbuledilməzdir. Əks halda bir tərəfdə sivil dünya, digər tərəfdə isə separatizm və terrorçuluğun dayandığı qeyri-sivil dünyanın qlobal qarşıdurmasında birincinin məğlub statusuna enməsi labüd ola bilər. Bu səbəbdən rəsmi Parisin təmsilçilərinin Dağlıq Qarabağın erməni separatçılarının yanında yer alması əslində ikincilərin mənafeyinə xidmət edir”.

Politoloq deyib ki, Fransa dövləti bütün bu reallıqları nəzərə alaraq, özünün potensial separatizm ocaqlarına malik olması, regionda və bütövlükdə Azərbaycanda cəmləşdiyi ciddi maraqlarından çıxış edərək nəinki Dağlıq Qarabağda separatizmi dəstəkləyən hərəkətlərinə rəvac verməməli, ilk növbədə, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etməli və bu istiqamətdə hüquqi, əməli və təşkilati xarakterli addımlar atmalıdır:

“Eyni məntiqdən qaynaqlanaraq Fransa dövləti ərazisində özünü mühacir kimi təqdim edən bəzi Azərbaycan vətəndaşlarının ölkəmizdə zorakılığa, terrorçuluğa və separatizmə çağırışlar etməsinə imkan verməməli, bu istiqamətdə həm də öz milli maraqlarından çıxış edərək hüquqi müstəvidə adekvat addımlar atmalıdır. Azərbaycan dövləti və ictimaiyyəti dost hesab etdiyimiz Fransa dövlətindən məhz belə davranış tərzi gözləyir. Əks halda, dəyəri 2 milyard avro səviyyəsinə çatan iqtisadi-biznes əlaqələrimiz, geniş humanitar əməkdaşlığımız, enerji təhlükəsizliyi sahəsində təmaslarımız, bir sözlə, səmərəli ikitərəfli və çoxtərəfli münasibətlərimiz ciddi sınağa çəkilə bilər. Bu barədə düşünməyə dəyər”.