Siyasət

Azay Quliyev Almaniya Bundestaqının vitse-spikeri ilə görüşüb – FOTO

Berlində səfərdə olan ATƏT PA-nın vitse-prezidenti və Milli Məclisin deputatı Azay Quliyev oktyabrın 15-də Almaniya Bundestaqının vitse-spikeri Tomas Opermanla görüş keçirib.

Aktor.Az-ın məlumatına görə, ilk öncə Azay Quliyev bu ilin 5-9 iyulunda ATƏT PA-nın illik sessiyasının Berlində yüksək səviyyədə təşkil etdiyinə görə Almaniya Bundestaqına təşəkkür edib.

Görüş zamanı Almaniya və Azərbaycan parlamentləri arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyətlə bağlı Bundestaqın vitse-spikerinə ətraflı məlumat verilib.

Millət vəkili Bundestaqın münaqişə ilə bağlı qəbul etdiyi qətnaməni və ədalətli mövqeyini yüksək qiymətləndirib. Azay Quliyev həmçinin keçən həftə Almaniya hökumətinin Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın və 7 rayonun Azərbaycanın tərkib hissəsi olmasını bir daha təsdiq etməsi və qondarma Dağlıq Qarabağ Respublikasını tanımaması haqqında verdiyi bəyanata görə Tomas Opermana və onun qismində Almaniya Bundestaqına xüsusi minnətdarlığını bildirib.

Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclisin deputatları Sahib Alıyev və Şahin İsmayılov iştirak edib.