Təşkilatın gənclərlə görüşləri davam edir
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsi çərçivəsində Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş keçirib.
Tədbirdə İctimai Birliyinin rəhbərliyi Mehriban Abdullayeva, Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nazir Əhmədli, tarixçı Nazim Tapdıqoğlu, YAP nümayəndəsi Sevinc Vəlizadə, “Mərhəmət Sosial Yardım” İB-nin sədri İradə Polad və Birliyin sədr müavini Fərhad Əliyev, digər bir sıra QHT nümayəndələri, yeniyetmə və gənclər, eyni zamanda isə Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edib. Tədbiri giriş sözü ilə Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri olan Mehriban Abdullayeva açaraq qonaqları salamlayıb, daha sonra layihə haqqında məlumat verərək bildirib ki, rəhbəri olduğu ictimai birliyin həyata keçirdiyi bu layihə işğal altında olan tarixi abidələrimizin tanıdılması, onlar haqqında gənc nəslə detallı informasiyanın verilməsindən, eləcə də ictimaiyyətə bir daha erməni vandalizminə məruz qalmış abidələrimizin tanıdılmasından ibarətdir. Layihəni keçirməkdə əsas məqsəd tarixi yaddaşımızın və dağıdılmış tarixi-mədəniyyət abidələrimizin izlərinin silinməsinin, ya da onların erməni abidələri adı altında saxtalaşdırılmasının qarşısı almaqdır, həmçinin KİV vasitəsi ilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində tarixi-mədəni abidələrimizə vurulmuş ziyan barəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də onların vasitəsi ilə beynəlxalq ictimaiyyətə əsil həqiqətləri çatdırmaqdır. Daha sonra layihənin ümumi məqsədinə uyğun olaraq qonaqlar yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparmış, işğal altında olan torpaqlarımızda yerləşən abidələr barəsində yeniyetmə və gənclərə informasiyalar vermişdir.
Qeyd edək ki, təşkilat bu layihə çərçivəsində regionlarda, eləcə də Bakı şəhərində yeniyetmə və gənclərlə maarifləndirici silsilə görüşlər keçirməkdədir.