GündəmManşetSiyasət

Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda müzakirə keçirilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda Şəki şəhərində ictimai müzakirə keçirib.

Aktor.Az xəbər verir ki, toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov Şuranın dəstəyilə ölkə QHT-lərinin milli maraqlarımızın qorunması və ictimai maarifləndirmə istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib. O, Şuranın regionlarda da yerli QHT və icra qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurduğunu diqqətə çatdırıb.

Sonra Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Toplantıda məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov vurğulayıb ki, Şuranın yaranması əsasını ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinə olan yüksək diqqətinin təzahürüdür: “Cənab prezident İlham Əliyevin fərmanı ilə Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin milli əsaslarının möhkəmləndirilməsi, QHT-lərin xarici donor asılılığından qurtarılmasının başlanğıcı idi. Demokratiya yolunda inamla addımlayan ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və onların fəaliyyətinin müasir beynəlxalq standartlar səviyyəsində tənzimlənməsi bu gün dövlətimizin əsas prioritetlərindəndir”.

İcraçı direktor deyib ki, 10 illik fəaliyyəti dövründə Şura qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün cəmiyyətdə böyük ictimai səfərbərlik işi aparıb. Bu illər ərzində Şuranın maliyyələşdirdiyi 4500-dən çox layihə çərçivəsində ictimai əhəmiyyət kəsb edən bir çox problemlərin həlli istiqamətində mühüm işlər görülüb. Cəmiyyətin ayrı-ayrı sahələrini əhatə edən dövlət proqramlarına fəal ictimai dəstək təmin edilib.

F.Qurbanov bildirib ki, Azərbaycanın milli maraqlarının təminatı və ölkəmiz haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması işində prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şuranın maliyyə yardımı ilə QHT-lər müxtəlif ölkələrdə 200-dən çox layihə həyata keçirib. Bu layihələr çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlər, Xocalı soyqırımı haqqında məlumatlar müxtəlif ölkələrə yayılıb. Avropa universitetlərində Qarabağ guşələri yaradılıb, Azərbaycanın üzləşdiyi ən böyük problem – ərazi bütövlüyünün pozulması ilə bağlı filmlər çəkilib, saytlar və kitablar hazırlanıb. Şuranın dəstəyi ilə milli QHT-lərimiz BMT-də, Avropa Parlamentində, Avropa Şurasında, ATƏT-də və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edirlər”.

Katibliyin icraçı direktoru bildirib ki, ötən dövrdə Şura ölkə QHT-ləri üçün təkcə milli donor deyil, həm də etibarlı tərəfdaş rolunda çıxış edib.

Fərasət Qurbanov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, demokratik dəyərlərin qorunmasına və QHT-lərə göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə ictimai sektor adından dərin minnətdarlığını bildirib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, həmçinin onlara Şuranın fəaliyyətinin 10 illiyinə həsr edilən kitab təqdim olunub.