İqtisadiyyatManşetTexnologiya

ADRA ən son innovativ yenilikləri nümayiş etdirəcək

Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında Dövlət Reklam Agentliyi tətbiq etdiyi innovativ yenilikləri nümayiş etdirəcək.Bu barədə Agentlikdən Aktor.Az-a verilən məlumatda deyilir.

İlk növbədə sahibkarlara reklam daşıyıcılarının onlayn qeydiyyat sistemi təqdim olunacaq. Sistem Agentliyin rəsmi internet saytının tərkib hissəsi olaraq sahibkarları reklam yayımı üzrə qanunsuz ödənişlərdən azad etmək, daşıyıcıların qeydiyyatı üçün vaxt sərfini azaltmaq məqsədi daşıyır. Bu sahibkarlara qeydiyyat müqavilələrini və ödənişlərini görmək və onları vaxt itirmədən yeniləmək imkanı verir.

Nümayiş olunacaq digər bir yenilik məsafədən ölçmə cihazı ilə bağlıdır. Bu cihazlar ADRA-nın sifarişi əsasında Azərbaycanda istehsal olunur və istənilən reklam qurğusunun səthini məsafədən dəqiq ölçmək imkanı yaradır. Cihazların tətbiqi ilə Agentliyin müfəttişləri tez və təhlükəsiz şəraitdə istənilən reklam daşıyıcısını və reklam səthini dəqiq ölçə bilir.

24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında, həmçinin ADRA üçün xüsusi hazırlanmış açıq məkanda reklam daşıyıcılarını 360° təsbit edən texnologiyalar sərgilənəcək. Bu qurğular reklam daşıyıcılarına nəzarəti asanlaşdıracaq. Müfəttişlər ofisdən kənara çıxmadan bütün reklamların qeydiyyatına nəzarət edə biləcəklər.

Qeyd edək ki, 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı 4 – 7 dekabr 2018-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.