“Sabir virtual muzeyi”nin ingilis və rus dilləri də təqdim edildi – FOTO
Oktyabrın 13-də Mirzə Ələkbər Sabir Fondu ötən ildən yalnız azərbaycan dilində fəaliyyət göstərən “Mirzə Ələkbər Sabir virtual muzeyi”ni ilk dəfə olaraq ingilis və rus dillərində də işləyib hazırlayaraq geniş ictimaiyyətə təqdim etdi.
Aktor.Az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihəyə həsr olunmuş bu tədbirdə görkəmli elm, incəsənət və ədəbiyyat nümayəndələri, jurnalistlər, QHT rəhbərləri, gənclər də iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan tanınmış teleaparıcı Azər Süleymanlı Sabirin yaradıcılığının, onun tərəqqi dolu ideyalarının təbliğ olunması, ölkə sərhədlərindən kənarda da tanınması üçün bu layihənin əhəmiyyətini xüsusi vurğuladı. Daha sonra Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli şairin həm həyatına dair, həm də yaradıcılığını əks etdirən çoxsaylı məlumatların şəxsi kolleksiyalarda, müxtəlif arxivlərdə, muzeylərdə, kitabxanaların nəzdində sistemləşdirilmədən yer almasının bu məlumatları əldə etmək istəyənlər üçün böyük problemlər yaratmasından danışdı. Müxtəlif mənbələrdə pərakəndə halda yer alan verbal, video, audio, unikal foto materiallardan ibarət geniş,dəqiqləşdirilmiş və sistemləşdirilmiş vahid məlumat bazasının hazırlanaraq azərbaycan dili ilə yanaşı, ilk dəfə olaraq ingilis və rus dillərində də təqdim olunması Sabir virtual muzeyinin ölkə hüdudlarından çox-çox kənarda beynəlxalq müstəvidə də araşdırmaçılar, azərbaycansevərlər, sabirsevərlər, ümumiyyətlə geniş oxucu kütləsinin əlverişli və rahat bir şəkildə istifadəsinə imkanlar yaradacağını diqqətə çatdırdı. S.Tahirli həmçinin qeyd etdi ki, yaradılmış olan virtual muzey, Avropa siyasi həyatından qaynaqlanmayan, qabaqcıl ali təhsil sahibi olmayan bir periferiya xalq şairinin XX əsrin əvvəllərində daşıyıcısı olduğu proqressiv ideyaların beynəlxalq ictimaiyyətə çatdırılmasına, M.Ə. Sabir yaradıcılığının beynəlxalq aləmdə də tanınmasına, eyni zamanda Azərbaycanın təbliğinə gözəl vasitə olacaq. Sonra saytın təqdimatı oldu. Saytın tərtibatı ilə məşğul olan AFB nin üzvü Nurlan Tahirli saytın istifadəsi barədə iştirakçıları məlumatlandırdı.
Təqdimatdan sonra AYB-nın üzvü şair Əjdər Ol, əməkdar artist A.Bayramov, AR Prezidenti yanında QHTlərə Dövlət Dəstəyi Şurasıının üzvü Sahib Məmmədov, Milli QHT Forumun prezindeti Rauf Zeyni jurnalist Aida Eyvazova çıxış etdilər.
Tədbirə həmçinin Rusiya diasporu fəallarından Səadət Qarayeva və Almaniya diasporu nümayəndəsi Naibə Hacıyeva da SKYPE vasitəsilə qoşularaq layihə barədə öz fikirlərini bildirmiş və onun əhəmiyyətindən danışmış və virtual muzeyin digər dillərə də tərcüməsinin vacibliyini qeyd etmişlər.