DiasporDünyaFotoGündəmManşetSiyasətXəbər xətti

Əflatun Amaşov Marneulidə ziyalılarla görüşüb – FOTOLAR

Gürcüstana səfərə gələn Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Marneulidə azərbaycanlı ziyalılarla görüşüb. 

Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, görüşdə azərbaycanlıları narahat edən vacib məsələlər müzakirə olunub.

Ə. Amaşov Gürcüstanda Azərbaycan dilli məktəblərin vəziyyəti və təlim-tərbiyə, tədris, həmçinin məktəblərin təmiri və tikintisi, eyni zamanda kadr məsələlərilə maraqlanıb.

Görüşdə iştirak edən parlament deputatı Ruslan Hacıyev çıxışında hazırda 5 məktəbdə keyfiyyətli təmir işlərinin aparıldığını və gələcəkdə daha çox məktəblərdə təmir-tikinti işlərinin davam edəcəyini bildirib. Onun sözlərinə görə, yeni məktəblərin tikintisi və təmiri Milenium proqramı ilə həyata keçiriləcək. Deputat bildirib ki, Marneuidə fəaliyyət göstərən 74 məktəbdə qışa hazırlıq görülüb və bir çox məktəblərdə istilik sistemi təmir olunub və az sayda məktəb qalıb ki, onlar da qış aylarında odunla təmin olunacaq.

Görüşdə Ə. Amaşov müxtəlif yaş dövrləri üçün məktəb kitabxanalarının bədii ədəbiyyatla təmin olunacağını vurğulayıb.

Görüşdə qeyd olunub ki, Gürcüstanda 117 Azərbaycan dilli məktəb fəaliyyət göstərir.

Məlumata görə, milli məktəblərimizdə 3628 müəllim çalışır, 26540 nəfər azərbaycanlı şagird təhsil alır.

Ə. Amaşov eyni zamanda Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin və müəllim kadrlarının çatışmadığını bildirib. O, çıxışında gələcəkdə kadr çatışmazlığını tənzimləmək üçün ayrıca ali məktəbin yaradılmasını zəruri hesab edib və Gürcüstan vətəndaşları olan azərbaycanlı şagirdlərin Azərbaycan ali məktəblərinə qəbulu üçün şəraitin yaradılmasının vacib olduğunu və universitetləri başa vuran gənclərin ali təhsilli müəllim kimi geri qayıdıb Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərdə çalışmaqlarının vacib olduğunu vurğulayıb.

Görüşdə Heydər Əliyev adına Tiflis Azərbaycan Dram Teatrının fəaliyyəti də müzakirə mövzusu olub.

Ə. Amaşov gələcəkdə teatrın yaradıcı kollektivinin Azərbaycana qastrol səfərinə dəvət olunacağını bildirib. Milli Məclisin üzvü qeyd edib ki, Heydər Əliyev adına Tiflis Azərbaycan Dram Teatrının indiki durumu ürək açan deyil. Binanın ciddi təmirə ehtiyacı var. Bu teatr dünyada Azərbaycan dilində soydaşlarımız tərəfindən yaradılan ilk teatrlardan biridir. Vaxt vardı ki, həmin teatrda görkəmli aktyorlar çalışırdı və onlar bir zaman keçdikdən sonra məşhur teatr və incəsənət xadimləri kimi məşhur oldular. Bu görkəmli aktyorlar Tiflis teatrında çalışarkən daha çıx pul qazanırdılar və bu teatrın pulu ilə digər tearlar da fəaliyyət göstərirdi. Həmin teat sovet dövründə uzun müddət bağlandıqdan sonra aktyorlar sonradan Bakıya köçdülər və fəaliyyətlərini Azərbaycanda davam etdirdilər. Buna görə də həm yerli hakimiyyət və Azərbaycan tərəfi bu teatrın təmirini öz üzərinə götürməlidir.

Ə. Amaşov eyni zamanda teatrın maliyyəsinin artırılması üçün teatr kollektivinin Azərbaycanın rayonlarına qastrol səfərlərinin təşkil edilməsini vacib hesab edib.

“Bu məsələ hazırda gündəmdədir”,- Ə. Amaşov bildirib.

Ə. Amaşov C. Məmmədquluzadənin ev muzeyinin bərbad vəziyyətdə olduğunu da bildirib: “Mən əminəm ki, görkəmli yazıçının 150 illik yubileyinədək vaxtilə Tiflisdə yaşadığı mənzil əsaslı təmir olunacaq”.

Azərbaycan Mətbuat Şurasının sədri Ə. Amaşov görüşdə qeyd edib ki, yaxın günlərdə Azərbaycanın mediasının 20-yə yaxın tanınmış redaktorları, KİV rəhbərlərinin Gürcüstana səfəri təşkil olunacaq.

“Jurnalistlər Tiflis şəhərinin Azərbaycanla bağlı tarixi yerlərində olacaq, milli məclisin nümayəndələri, redaktorlar parlamentin rəhbər şəxsləri ilə görüşəcək və həmçinin soydaşlarımızın kompakt yaşadığı bölgələrə də səfər edəcək, azərbaycanlı ziyalılarla görüşəcəklər”,- Mətbuat Şurasının rəhbəri vurğulayıb.

Görüşdə azərbaycanlıların kompakt yaşadığı bölgələrdə müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsinin vacib olduğu vurğulanıb və gürcü və azərbaycanlı şair və yazıçılarının görüşlərinin təşkil olunacağı qeyd edilib.

Qeyd edək ki, görüşdə məktəb direktorları, şair və yazıçılar, jurnalistlər və Marneulinin ətraf kəndlərindən gələn sakinlər iştirak ediblər.