Azay Quliyev: ATƏT PA-nın payız sessiyası iştirakçılarının diqqətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətə cəlb edə bildik
A.Quliyev bildirib ki, ATƏT PA-da təmsil olunan Azərbaycan nümayəndə heyəti hər sessiyada maksimum dərəcədə aktivlik nümayiş etdirməyə çalışır, Azərbaycanın milli maraqlarına cavab verən məsələləri həm öz həmkarlarının diqqətinə çatdırır, həm də bununla bağlı ATƏT-də qərarların qəbul olunmasına çalışır:
“Bu baxımdan budəfəki sessiyada istisna olmadı. Burada müzakirə edilən məsələlər əsasən bölgəyə fokuslanmışdı və bölgənin, Mərkəzi Asiya ölkələrinin sülh və təhlükəsizliyinin təminatına və qlobal səviyyədə olan çağırışların və təhdidlərin aradan qaldırılması istiqamətində region ölkələri ilə əməkdaşlığa həsr olunmuşdu. Biz hər müzakirələr zamanı maksimum fəallıq nümayiş etdirməyə çalışdıq və Azərbaycanı maraqlandıran məsələləri təbii ki, gündəmə gətirdik. Şübhəsiz ki, bizim üçün bir nömrəli məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir və bununla bağlı mənim çıxışım da oldu”.
Onun sözlərinə görə, Ermənistan hər zaman çalışır ki, Dağlıq Qarabağla bağlı müzakirələrin qarşısı alınsın, çünki bu müzakirələrin aparılması onların marağında deyil:
“Sadə səbəb də ondan ibarətdir ki, hər dəfə müzakirələr zamanı biz Ermənistanın işğalçılıq mahiyyətini çılpaqlığı ilə qeyd edirik, ifşa edirik. Bizim hər çıxışımız ciddi arqumentlərə və faktlara söykənir. Biz beynəlxalq hüquq normalarına, münaqişə ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrə istinad edirik, Avropa Şurasının, ATƏT PA-nın qətnamələrinə istinad edirik. Ona görə bizim çıxışımız daha dolğun, ətraflı və əsaslı olur. Ancaq Ermənistan tərəfi heç bir arqumentə sahib deyil, bu baxımdan onların dedikləri nala-mıxa vurmaqdan başqa bir şey deyil və digər nümayəndə heyətləri tərəfindən gülünclə qarşılanır. Biz arqumentləri söyləyən zaman ermənilər çox aciz və çıxılmaz duruma düşürlər. Bu baxmdan da hesab edirəm ki, ATƏT PA-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumat var və ATƏT PA bizim mövqeyimizi qəbul edir, hörmətlə yanaşır və Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini anlayır”.