Azərbaycanlı gənclər Gürcüstanın dövlət qurumlarında iş təcrübəsi keçəcəklər
Gürcüstanın dövlət idarələrində iş təcrübəsi keçmək üçün milli azlıqları təmsil edən gənclər üçün növbəti proqram elan olunub.“Report”un Gürcüstan bürosu xəbər verir ki, təcrübə proqramına “1+4” proqramı üzrə ali təhsil alan və ya təhsilini başa vurmuş azərbaycanlı, erməni, abxaz və osetin gənclər müraciət edə bilərlər.
Layihə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin təşəbbüsü, ABŞ-ın USAID təşkilatı və Gürcüstanın Birləşmiş Millətlər Assosiasiyasının dəstəyi ilə həyata keçiriləcək.
Təcrübə proqramı üzrə gənclərə mərkəzi və yerli dövlət qurumlarında 500 vakant yer təqdim olunacaq.
Müraciətlər oktyabrın 8-dən 22-dək qəbul olunacaq. Müsabiqə əsasında seçiləcək gənclər 1 aydan 6 aya qədər dövlət qurumları, yerli özünüidarətmə və publik hüquqi şəxs statusuna malik idarələrdə təcrübə keçə biləcəklər.
Təcrübə proqramının əsas məqsədi etnik azlıqlardan olan gənclərin məşğulluğu ilə bağlı perspektivlərin yaxşılaşdırılması, onların gələcək karyeralarına töhfə vermək və milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstəyin göstərilməsidir.