GündəmManşetSiyasət

“ATƏT PA-nın Qarabağ münaqişəsinin həllinə dair mövqeyi presedent kimi götürülə bilər” – Politoloq

Yeni Musavat Qəzetinin internet saytında bu gün maraqlı təhlil yayımlanıb. Yazıda deputat Azay Quliyevin müəlllifi olduğu ATƏT PA-nın “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” adlı qətnaməsi Azərbaycan diplomatiyasının zəhməti və uğuru kimi qiymətləndirilir.

Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların zaman-zaman ikili standartlarla çıxış etdiyinin şahidi oluruq. Hazırda Qarabağ məsələsinin həlli ilə bağlı proses dünyanın daha çox gündəmindədir. Məsələ ondadır ki, Ermənistanda yeni hakimiyyətə gələn Nikol Paşinyan sərsəm iddialarla çıxış edir; o, gah danışıqların Dağlıq Qarabağdakı separatçılarla aparılmalı olduğuna dair anormal fikir səsləndirir, gah da işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistana birləşdirilməsi kimi sərsəm açıqlamalar verir.
Beynəlxalq təşkilatlar – Avropa Şurası, ATƏT, AŞPA, BMT və digər qurumlar isə sanki bunu görməzdən gəlir və konkret mövqe sərgiləməyə tələsmirlər. Hansı ki, ortada işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların qeyd-şərtsiz azad edilməli olduğunu, məcburi köçkün düşmüş əhalinin doğma yurdlarını qaytarılması tələbi və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu özündə ehtiva edən BMT TŞ qətnamələri və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlər var.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev bu günlərdə hakim partiyanın internet saytına verdiyi müsahibədə (http://www.yap.org.az/az/view/interview/583/prezident-ilham-eliyevin-heyata-kechirdiyi-siyaset-bolgede-cereyan-eden-prosesler-ve-geosiyasi-amiller-torpaqlarimizin-ishgaldan-azad-olunmasi-uchun-yeni-imkanlar-yaradir-) ATƏT PA-nın Qarabağla bağlı mövqeyini şərh edən zaman 2015-ci ildə qurum tərəfindən qəbul edilən qətnamənin əhəmiyyətini vurğulayıb: “ATƏT PA-nın münaqişənin həllinə dair yanaşması, mövqeyi qənaətbəxşdir. Çünki 2015-ci ildə ATƏT PA müəllifi olduğum “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” adlı qətnaməni qəbul etməklə münaqişənin həlli ilə əlaqədar öz prinsipial və birmənalı mövqeyini ortaya qoydu. Belə ki, qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır, xalqların özmüqəddaratının təyin etmə hüququnun isə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində mümkün olduğu qeyd edilir. İşğal olunmuş ərazilərdən qovulmuş vətəndaşlarımızın qeyd-şərtsiz və ləyaqətli bir şəkildə öz yurd- yuvalarına dönməsi üçün müvafiq şəraitin yaradılması tələb olunur. Bu baxımdan ATƏT PA-nın mövqeyi açıq və qəti şəkildə ifadə olunubdur və bu da bizi tam qane edir”.

Məsələ də ondadır ki, bu gün ATƏT nüfuzu, dünyada demokratiya və münaqişələrin həllinə dəstək baxımından digər qurumlardan daha üstündür və münaqişənin həllinə dair yeganə mandata sahib beynəlxalq təşkilatdır. ATƏT-in Parlament Assambleyasının məhz belə bir qətnamə qəbul etməsi isə münaqişənin həlli ilə bağlı bir presedent kimi tətbiqi uğurlu olardı.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, beynəlxalq təşkilatlarda qəbul olunan bütün sənədlər bizim xeyrimizədir. Onlardan bu və ya digər şəkildə presedent kimi istifadə edilməsinin mümkünlüyünə gəlincə, politoloq deyir ki, sadəcə bu qətnamələri işğalçı dövlət yerinə yetirmədiyinə görə onlar münaqişənin həllini yaxınlaşdırmır: “Avropa Şurası Parlament Assambleyası ilə Avropa Parlamenti də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən sənədlər qəbul ediblər. BMT-nin 4 qətnaməsi Qarabağla bağlı qəbul edilən sənədlərin “şahıdır”. Ancaq işğalçı dövlət onları belə yerinə yetirmir və heç bir dövlət, o cümlədən ATƏT-əz üzv dövlətlər buna görə Ermənistana heç nə demirlər”.

Elxan Şahinoğluna görə problem bu qətnamələrin işğalçı dövlət tərəfindən yerinə yetirilməməsidir.