Respublika Veteranlar Təşkilatı vətənpərvərliklə bağlı ilk tədbirini keçirib – FOTO
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsini icrası çərçivəsində ilk tədbirini keçirib.
Aktor.Az xəbər verir ki, tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, vətən yolunda canından keçmiş şəhidlərimizin, vətən qarşısında əvəzsiz xidmətləri olan şəxslərin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ edilməsidir.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin sələnməsi ilə başlamış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini polkovnik Cəlil Xəlilov lahiyə barəsində, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Təşkilatın fəaliyyəti, keçirilən tədbirlər məlumat vermiş, bu sahədə veteranların üzərinə düşən vəzifələrdən danışmışdır.
Cəlil Xəlilov çıxışına davam edərək demişdir: “Bu gün biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” adlı layihənin ilk tədbirinə toplaşmışıq. Şəhidlərimizə həsr olunmuş belə layihələr mühüm əhəmiyyət kəsb edir. Çünki şəhidlər babaların bizlərə əmanət etdiyi yurdu canları, qanları bahasına müdafiə ediblər. Onlar Vətəni yaşatmaq naminə qanlı döyüşlərə atılıblar. Düşmənə ağır zərbələr vuraraq Azərbaycanın qəhrəmanlıq, mərdlik tarixinə yeni, silinməz səhifələr yazıblar. Hər birimiz bu gün də, sabah da onlar qarşılarında minnətdarlıq borcumuzu yerinə yetirməli olduğumuzu bir an da unutmamalıyıq. Xüsusilə gənclər onların hər birinin həyat yolu, döyüş yolu barədə məlumatlı olmalı, Vətəni, xalqı müdafiə etməkdə yeri gəlsə hər cür fədakarlığa hazır olmalıdırlar. Bu yolda həyatını fəda edənlərin əbədi yaşamaq haqqı var.
Respublika Veteranlar Təşkilatı belə tədbirləri yalnız layihələrlə əlaqədar deyil, il ərzində müvafiq Tədbirlər Planı əsasında müntəzəm olaraq keçirir. Layihələrə gəlincə, biz 2016-cı ildə “Qarabağ müharibəsi qəhrəmanlarını tanıyaq və tanıdaq” adlı layihə də həyata keçirmişdik. Bu çərçivədə ölkənin 4 regionunda əsasən gənclərin iştirakı ilə silsilə tədbirlər keçirilmişdi. İndiki tədbirlərdə də həm Qarabağ, həm də Aprel şəhidlərinin həyat və döyüş yolundan söhbət açılacaqdır.
Ümumiyyətlə vətənpərvərlik tərbiyəsi, gənclərin xalqımızın qəhramanlıq, dövlətçilik tarixinə sədaqət, məhəbbət ruhunda tərbiyə olunması Təşkilatımızın başlıca vəzifəsidir. Bu baxımdan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi və bu günü, qəhrəman oğullarımızın nəsillərə örnək olacaq yolunun təbliği bizim daim diqqət mərkəzimizdədir.
Şəhidlərimiz haqqında biz hər gün, hər saat danışmalı, onların daim xatırlanmalarına nail olmalıyıq. Yeniyetmə və gənclər bu işdə daha fəal olmalı, onların adına layiq insanlar kimi yetişməyə çalışmalıdırlar.
Layihə çərçivəsində görüşlərimiz davam edəcək, ali və orta məktəblərdə belə tədbirlər keçiriləcəkdir. Biz şəhidlərimizə həsr olunmuş bir kitabça da hazırlamışıq”.
Tədbirdə Respublika Veteranlar Təşkilatının əməkdaşları ehtiyatda olan polkovniklər Adil Haqverdiyev, Lətif Babayev, şairə Güləmail Murad, polis orqanlarının veteranı e.o polkovnik-leytenant Zakir Məmmədov və başqaları çıxış edərək şəhidlərimizin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşadacağını, yeniyetmə və gənclərimizin onların həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etməsini qeyd etmiş, yeni nəslin üzərlərinə düşən vəzifənin məsuliyyətlərini dərindən dərk etdiklərinə, torpaqlarımızın erməni işğalından azad olunması üçün hər cür fədakarlığa hazır olacaqlarına əminlik ifadə etmişlər.
Həmçinin bildirilmişdir ki, Təşkilatın layihəni həyata keçirməkdə məqsədi həm də müasir yeniyetmə və gəncliyimizə vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasına nail olmaqdır.
Tədbirin sonunda iştirakçılara qəhrəman şəhidlərimizə həsr edilmiş marifləndirici bukletlər paylandı, gənclərlə veteranların birgə xatirə şəkli çəkdirildi.