DiasporFotoGündəmManşetSiyasət

Fuad Muradov qubernatorla görüşdü – FOTOLAR

Bakıda keçiriləcək Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ilə görüşüb.

Komitədən Aktor.Az-a verilən məlumatda deyilir ki, görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiy¬yətli Səfiri Polad Bülbüloğlu da iştirak edib.

Dövlət Komitəsinin sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafında diasporun rolunu vurğulayıb. Səfir Polad Bülbüloğlu isə Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə iqtisadi əməkdaşlıqla bağlı 17 sənədin imzalandığını xatırladaraq ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqalərin uğurla inkişaf etdiyini vurğulayıb.

İqor Orlov isə Arxangelsk vilayətindəki Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirərək azərbaycanlıların vilayətin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal rol oynadığını vurğulayıb.