Paşinyana yerini göstərmək lazımdır – Deputat
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən söz açıb və indiki erməni hökumətinə sərt xəbərdarlıq edib. Dövlət başçısı bildirib ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir. Əks halda bundan sonrakı proseslərdə bütün məsuliyyət Ermənistan hökumətinin üzərinə düşəcək. Prezident vurğulayıb ki, işğal olunmuş torpaqlarımızda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayətlər törədilib: “Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq”.
Dövlət başçısının toxunduğu mühüm məqamlarla bağlı millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində sərgilədiyi davranışı böyük təəssüf doğurur. Deputatın sözlərinə görə, Ermənistan baş nazirinin ziddiyyətli bəyanatları danışıqlar prosesinə zərbə vurur…
Aktor.Az millət vəkilinin “Şərq”ə verdiyi müsahibəni təqdim edir:
– Elman müəllim, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi ifadələri necə şərh edərdiz?
– Xatırlayırsızsa, baş nazir ilkin dövrdə münaqişənin “sülh” yolu ilə həllinə tərəfdar olduğunu iddia edirdi. Ancaq necə oldusa, daha sonra birbaşa onun təkidi ilə ölkə parlamenti Azərbaycana müharibə elan etdi. Paşinyan deyir ki, Dağlıq Qarabağ adından danışmağa ixtiyarı yoxdur, ona görə də separatçı rejim özü prosesdə “müstəqil” tərəf kimi iştirak etməlidir. Bunu deyən adam öz oğlunu Dağlıq Qarabağa əsgərliyə göndərir. Sual olunur, əgər Ermənistan Dağlıq Qarabağı özünə aid bilmirsə, hansı əsasla ora əsgər göndərir? Bu faktın özü İrəvanın qondarma rejimlə əlbir olduğunu göstərir. Təcavüzkar Ermənistan öz silahlı qüvvələrini Qarabağa göndərirsə, bu, düşmənin Azərbaycan ərazisində mövcudluğu deməkdir. Paşinyan özü bunu etiraf edir. Halbuki bugünə kimi erməni siyasətçiləri iddia edirdilər ki, guya, Qarabağda Ermənistana məxsus əsgərlər xidmət etmir. Dövlət başçısı bu məqamlara diqqət çəkərək münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini növbəti dəfə ifadə etdi. Prezident qeyd etdi ki, Ermənistanın baş naziri çox absurd və cəfəng bəyanatlar verir. Paşinyanın sözləri münaqişənin həllinə deyil, daha da dərinləşməsinə xidmət göstərir. Yeni hökumət BMT-nin qətnamələrinə məhəl qoymur. Təəssüf doğuran hallardan biri də odur ki, biz beynəlxalq təşkilatların məsələyə münasibətini görmürük. Fikrimcə, bu da ikili standartların göstəricisidir.
– Nikol Paşinyan Ermənistan daxilində də gözlədiyi dəstəyi ala bilmir. Baş nazirin qısa zamanda reytinqini itirməsi nəylə bağlıdır?
– Dövlət başçısı İlham Əliyev bildirdi ki, Ermənistanın yeni rəhbərliyi ölkə daxilində diktatura rejimi formalaşdırmaqla məşğuldur. Paşinyan öz siyasi opponentlərinə qarşı təzyiq dili ilə danışır, onları həbs etdirir, heç kimə güzəştə getmir. Hazırda Ermənistanda mediaya, azad sözə qarşı böyük təzyiq var. Maraqlı məqam isə odur ki, bu sahələrə nəzarət edən beynəlxalq qurumlar susqunluq nümayiş etdirirlər. Onlar Ermənistandakı anti-demokratik proseslərə göz yumurlar. Cənab Prezident haqlı olaraq vurğuladı ki, əgər heç bir reaksiya yoxdursa, deməli, onlar da Ermənistandakı rejimlə əlbirdirlər. Buna başqa ad vermək olmaz.
– Hesab edilir ki, Paşinyanın absurd açıqlamaları ilk növbədə düşmən ölkənin özü üçün təhlükə yaradır. Çünki indiki halda savaş yoxsul və zəif Ermənistanı daha da dözülməz edə bilər…
– Paşinyanın yeritdiyi siyasət Ermənistanı hərtərəfli zəiflədir, uçuruma aparır. Bu, həqiqətdir. Əgər Paşinyan öz sələflərinin başına gələnlərdən nəticə çıxarmazsa, münaqişənin tənzimlənməsi ilə bağlı sağlam addım atmazsa, eyni aqibət onu da gözləyir. Ermənistan gündən-günə zəifləməkdə, yoxsulluq artmaqdadır. Heç bir islahat aparılmır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın zəifləməsi bizim xeyrimizədir. Nə qədər ki, Paşinyan hakimiyyətdədir, proseslər bizim üçün faydalı olacaq. Lakin məsələ ondadır ki, Paşinyanın düşünülməmiş sözləri və yanlış addımları sadəcə Ermənistan üçün deyil, bütövlükdə region üçün ciddi təhdid deməkdir. Ona görə də çağırış edirik ki, beynəlxalq təşkilatlar gec olmadan Ermənistanın yeni rəhbərliyinə xəbərdarlıq etsin və təzyiq göstərsin. İşğalçıya öz yerini göstərmək lazımdır. Əks halda proseslər arzuolunmaz ssenari üzrə inkişaf edə bilər. O halda bütün məsuliyyət Ermənistanın yeni rəhbərliyinin üzərinə düşəcək.
– Baş nazirin sərsəm bəyanatları fonunda müharibə ehtimalı yenidən gündəmə gətirilir. Hərbi əməliyyatların başlanma ehtimalı varmı?
– Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlıdır və hər addımında buna sadiq olduğunu bəyan edir. Lakin indiki vəziyyət fərqlidir. Reallıq odur ki, qarşı tərəf, yəni Ermənistan danışıqlara adekvat mövqe sərgiləmir. İrəvan hökuməti prosesdə qeyri-konstruktiv mövqe sərgiləyir, ziddiyyətli bəyanatlar verir. Təsəvvür edin, Ermənistan rəhbərliyi gah sülhdən danışır, gah da ölkəmizə müharibə elan edir. Belə məqamda sülh danışıqlarından söhbət gedə bilməz. O baxımdan dövlət başçısı hər dəfə diqqətə çatdırır ki, bundan sonrakı proseslərə görə, məsuliyyəti birbaşa Ermənistanın indiki rəhbərliyi, xüsusən də baş nazir Nikol Paşinyan daşıyacaq.
– Ermənistan baş nazirinin xarici siyasəti də uğursuz alınır. Paşinyanın dünya siyasətində qəbul olunmamasının səbəbləri nədir?
– Ermənistan baş nazirinin yeritdiyi xarici siyasət fiaskoya uğrayıb. Sizə bir neçə misal deyim. Rusiya Prezidenti Vladimir Putin Ermənistanın müstəqillik günü ilə bağlı baş nazir Nikol Paşinyanı təbrik etmədi. Putin öz təbrikini Prezident Armen Sarkisyana göndərdi. Paşinyanın tərəfdarları iddia edirlər ki, guya, burada təəccüblü bir şey yoxdur, Putin erməni həmkarını təbrik edib. Lakin ermənilər bir həqiqəti gizlədirlər. Axı Ermənistan hazırda idarəetmə üsul-idarəsinə görə prezidentli yox, parlamentli respublikadır. Düşmən ölkədə hökumət rəhbəri baş nazir sayılır. Necə olur ki, Rusiya prezidenti Putin təbrik məktublarını parlamentli respublikanın mövcud olduğu İsraildə baş nazir Benyamin Netanyahuya, Almaniya kansleri Angela Merkelə göndərir, Ermənistana gələndə isə fərqli addım atır?! Bütün bunlar Putinin Paşinyana olan münasibətini göstərir. Hətta erməni mətbuatının yazdığına görə, Putin Ermənistana səfər edərkən baş nazirin həbs etdirdiyi, sonra buraxdığı Robert Köçəryanla görüşəcək və onun evinə gedəcək. Bunlar ciddi anonslardır.
– Paşinyanın ABŞ-a səfər edəcəyi də tez-tez müzakirə olunur. Ekspertlər bu səfərin də nəticəsiz olacağını deyirlər. Bu barədə sizin fikirləriniz nədir?
– Paşinyan ABŞ-a səfər edəcəyi təqdirdə Prezident Donald Trampla görüşməyi çox istəyirdi. Erməni diasporası bu istiqamətdə ciddi-cəhdlə çalışırdı. Ancaq ötən gün məlum oldu ki, Tramp Paşinyanla görüşdən imtina edib. Göründüyü kimi, Kremlin gözündən düşən baş nazir digər xarici ölkə liderləri tərəfindən də qəbul edilmir. Çünki eyni anda iki stulda oturmağa çalışan Paşinyan ciddi siyasi fiqur kimi qəbul olunmur. ABŞ-ın Ermənistandakı səfirinin sözlərinə görə, Vaşinqton Paşinyana seyirçi mövqedən yanaşır. Amerika bilmək istəyir ki, Paşinyan demokratik ənənələrə, insan hüquq və azadlıqlarına sadiqdirmi? Ağ Ev hələlik Paşinyana etibar etmir. Ona görə ki, Paşinyanın atdığı addımlar Vaşinqtonu təəssüfləndirir. Bu baxımdan Ağ Ev indiki Ermənistanla münasibətlərin inkişafında maraqlı olmadığını gizlətmir. Paşinyanın yeritdiyi daxili və xarici siyasət fiaskoya uğramaqdadır. Bunun əksinə, Azərbaycan hərtərəfli güclənməkdədir. Bizim birliyin təməlində xalq-hakimiyyət vəhdəti dayanır.