Belarus Parlamentinin sədrindən Azay Quliyevin rəhbərlik etdiyi beynəlxalq Qrupa yüksək qiymət
Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib.
ATƏT-in vitse-prezidenti Azay Quliyev tvitter hesabında Belarus Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkoya bu gün Milli Məclisdə etdiyi çıxışla əlaqədar təşəkkürünü bildirib.
Məlumat üçün bildirik ki, Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycan parlamentinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı ATƏTPA-nın 2017-ci ilin iyulunda Minsk şəhərində baş tutan illik sessiyası çərçivəsində yaradılan İpək Yoluna Dəstək Qrupunun fəaliyyətini yüksək dəyərləndirdiyini deyib.
Parlament sədri ATƏT regionunda əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində İpək Yoluna Dəstək Qrupunun beynəlxalq platforma kimi yerinin və rolunun mühüm olduğunu bildirib.
Vladimir Andreyçenko çıxışında deyib ki, Qrupun 2019-cu ilin mayında keçiriləcək beynəlxalq konfransına rəsmi Minsk ev sahibliyi edəcək.
Azay Quliyev Belarus Parlamentinin Nümayəndələr Palatasının sədrinə Qrupa verdiyi dəstəyə və yaxından əməkdaşlığa görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Azay Quliyev 23 ölkənin parlamentarilərini birləşdirən İpək Yoluna Dəstək Qrupunun sədridir.