GündəmManşetSiyasət

Fantomas Paşinyanın əsgərliyə getməməsinin – Şok səbəbi

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, onun təcili tibbi yoxlanışa ehtiyacı var:

“Əks təqdirdə Paşinyan belə qeyri-adekvat fikirlər söyləməzdi. Məsələn, o, çıxışlarının birində Ermənistanda onun sözündən çıxa biləcək bir hakimin olmadığını deyir. Fikir verin, o, bu sözləri məhkəmə hakimləri haqqında səsləndirir. Hətta o, belə hakim əgər varsa, onu görmək istədiyini də qeyd edib. Digər tərəfdən, Paşinyan qarşıdan gələn seçkiləri “qara”lar və “ağ”lar arasında mübarizə adlandırır. Bu gün koalisiyasında olan Daşnaksütyunu və Çarukyan Blokunu da tənqid edir və hətta onları da “qara”lar adlandırır. Yəni Paşinyanın məsələlərə baxışı bu açıqlamalarından da görünməkdədir”.

Millət vəkili qeyd edib ki, o öz arvadı Anna Akopyanın saç ustası olan bir xanımı yanına köməkçi götürüb:

“Bu həyat yoldaşının xarici səfərləri zamanı saç ustasının da onu müşayiət etməsi məqsədi ilə edilib. Çünki həmin stilist köməkçi kimi xarici səfərlərə gedəndə bu dövlət hesabına olur. Təsəvvür edin, bu gün erməni müxalifəti artıq baş nazirin həyat yoldaşının saç düzümünün əsas prioritetlərdən birinə çevrilməsindən yazır”.

Millət vəkilinin sözlərinə görə, təxminən 60 il bundan öncə Fransada “Fantomas” adlı silsilə film çəkilmişdi:

“Onlardan da biri “Fantomas hiddətlənib” adlanırdı. Bu gün də Paşinyan hiddətlənmiş Fantoması xatırladır, daha dəqiq desək, bu gün Paşinyan Ermənistanın Fantomasıdır.

Paşinyan məsələlərə çox aqressiv reaksiyalar verir. Xüsusilə “Mənim addımım” blokunun keçirdiyi seçkiqabağı mitinq zamanı o əsəbləşir, özündən çıxır. Hətta onun burada bir çıxışı diqqət çəkir. O, Serj Sərkisyanın qardaşı Saşa Sərkisyana 30 milyon dolları geri qaytarması üçün 1 həftə vaxt verdiyini bildirir. Bunu meydanda mitinq zamanı səsləndirir. Yeri gəlmişkən, bu gün həmin bir həftə vaxt başa çatır. Fantomas kimi əsəbi vəziyyətdə o qışqıraraq, Milli Təhlükəsizlik Xidmətinə və polisə ölkənin bütün problemlərinin 2 saat ərzində həll etmələri tapşırığını verir. Bu, bir ölkənin baş nazirinə yaraşmayan hərəkətlərdir”.

Millət vəkili vurğulayıb ki, ona görə də bu gün erməni müxalifəti onun psixi durumu ilə bağlı beynəlxalq psixoloqlar, psixoterapevtləri Ermənistana dəvət etməyin vacibliyindən bəhs edirlər:

“Çünki psixi durumu bu vəziyyətdə olan şəxsin verdiyi bəyanatlar gələcəkdə Ermənistan üçün çox dəhşətli fəsadlara gətirib çıxara bilər.

Hətta Paşinyanın təzyiqi ilə Ermənistan parlamenti Azərbaycana müharibə elan edəndə mənim yadıma Uqandanın diktatoru İdi Amin Dada düşdü. İdi Amin 1975-ci ildə ABŞ-a müharibə elan edir. O, Vaşinqtonu və ABŞ-ın digər bütün şəhərlərini Yer üzündən siləcəyini bildirir. Bunun səhəri gün o, artıq müharibənin başa çatdığını və qələbəni bayram edə biləcəklərini elan edir. Vaşinqtonda onun müharibə elan etməsini “milçək vızıltısı” kimi qəbul etmişdilər. İndi Paşinyanın və onun əlində olan parlamentin şərti olaraq Azərbaycana müharibə elan etməsi Uqanda diktatoru İdi Aminin davranışını xatırladır”.

Millət vəkili qeyd edib ki, eyni zamanda Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin oğlunun hərbi xidmətə yola düşməsinə də sarsaq şəkildə münasibət bildirib:

“Sual yaranır ki, Paşinyan özü hərbi xidmətdə olubmu?! Bizim əlimizdə olan məlumatlara görə, Paşinyan heç özü hərbi xidmətdə olmayıb. Bunu böyük qardaşlarının hərbi xidmətdə olması ilə əsaslandırır. Yəni o düşünür ki, onun böyük qardaşları hərbi xidmətə gedibsə, artıq onun getməsinə ehtiyac yoxdur. Halbuki, Ermənistan qanunvericiliyində belə bir maddə yoxdur ki, böyük qardaşları hərbi xidmətdə olan kiçik qardaşlar hərbi xidmətdə olmaya bilər. Amma bizə məlum olub ki, o, qanuni əsaslarla hərbi xidmətə getməyib. Bu əsaslar da onun xəstəliyi ilə bağlıdır. Əsgərlik yaşında Paşinyanda nevrasteniya xəstəliyi aşkarlandığından onu hərbi xidmətə çağırmayıblar. Bu xəstəlik sonradan nevroza çevrilə bilir. Təsəvvür edin ki, bu gün bəzi erməni ekspertlər deyirlər ki, nə yaxşı ki, Ermənistan nüvə silahına sahib deyil. Çünki psixi durumu bu vəziyyətdə olan birisi əks halda, nüvə düyməsindən istifadə edərdi. Yəni bu gün Ermənistana belə bir insan rəhbərlik edir. İlk növbədə bu Ermənistan üçün olduqca təhlükəlidir”.