14 ölkənin parlament sədri Azərbaycana GƏLİR
“Sentyabrın 21-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçiriləcək. Artıq bununla bağlı hazırlıq işləri gedir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkklüoğlu deyib.
Parlament rəsmisi bildirib ki, yubiley tədbirində 40-a yaxın ölkənin nümayəndə heyətinin iştirakı gözlənilir.
“Təxminən 150-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur. Tədbirdə 14 ölkədən sədr, 13 ölkədən sədr müavini, 11 ölkədən müxtəlif səviyyədə (işçi qruplarının rəhbərləri, nümayəndə heyətləri ) nümayəndə heyətinin iştirakı gözlənilir. Həmçinin 10-a yaxın beynəlxalq təşkilata (rəhbər və nümayəndə heyətləri səviyyəsində) yubiley tədbirinə dəvət göndərilib”.
A.Təvəkküloğlu qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə bağlı xüsusi film də hazırlanır.
“Həmin film iclasda qonaqlara göstəriləcək. Bundan əlavə, parlamentdə sərgilər təşkil olunacaq, kitablar hazırlanır. Həmçinin, xüsusi iclasla bağlı müxtəlif tədbirlər planı həyata keçirilir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.
Dövlət başçısı bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.