Sosial

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi yeni layihə həyata keçirir

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsinin icrasına başlayıb. Layihə 3 ay müddətində ( avqust- oktyabr) Quba, Xaçmaz, Şirvan regionlarında  və eyni zamanda Bakı şəhərində həyata keçiriləcək.

Layihə işğal altında olan tarixi abidələrimizin tanıdılması, onlar haqqında gənc  nəslə detallı informasiyanın verilməsindən ibarətdir. Ən əsası isə ictimaiyyətə bir daha erməni vandalizminə məruz qalmış abidələrimiz tanıdılacaq. Layihə müddətində Quba, Xaçmaz, Şirvan regionlarında və Bakıda yerləşən bir ali məktəbdə gənclər və yeniyetmələrlə görüşlər keçiriləcək, onlara işğal atında olan ərazilərimizdəki tarixi və mədəni abidələrimiz barəsində məlumat verilmiş olacaq, qan yaddaşımız olan işğal altındakı tarixi-mədəni abidələr barəsində gənc nəsil məlumatlandırılacaq.  Layihə müddətində məlumatlandırma bukleti və abidələrimiz haqqında məlumatları özündə əks etdirəcək kitabça nəşr olunacaq. Bununla da tarixi yaddaşımızın silinməsinə və dağıdılmış tarix-mədəniyyət abidələrimizin izlərinin silinməsinə, ya da onların erməni abidələri adı altında saxtalaşdırılmasının qarşısı alınması yönümündə lazımı atılmış bir addım olacaq, həmçinin Azərbaycan həqiqətləri ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəliklərinə çatdırılacaq.

Layihənin məqsədi tarixi yaddaşımızın silinməsinə və dağıdılmış tarix-mədəniyyət abidələrimizin izlərinin silinməsinə, ya da onların erməni abidələri adı altında saxtalaşdırılmasının qarşısı alınmaq, qan yaddaşımızın gənc nəslə irs olaraq ötürməkdir, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində tarixi-mədəni abidələrimizə vurulmuş ziyan  barəsində ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də onların vasitəsi ilə beynəlxalq ictimaiyyətə əsil həqiqətləri çatdırmaqdır.