Mətbuat Şurası əməkdaşı nazirə müraciət ünvanladı
Azərbaycan Mətbuat Şurası mətbuat yayımı əməkdaşı Sakit Həsənova fiziki xəsarət yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.
Şuradan Aktor.Az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, S.Həsənov 30 avqust 2018-ci il tarixdə gecə saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə zərərçəkənin yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivində qeydə alınıb. Nəticədə S.Həsənov döyülüb və ona soyuq silahla xəsarət yetirilib. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş S.Həsənovun vəziyyəti ağırdır.
Müraciətdə həmçinin baş vermiş hadisənin müvafiq hüquqi qiymətinin alması üçün kömək göstərilməsi xahiş olunur, S.Həsənovun üzləşdiyi durumun ətraflı araşdırılacağına, günahkarların müəyyənləşdirilərək layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.