GündəmManşetSiyasət

“KİV ədəbi dil qaydalarına necə əməl edir?” mövzusunda Dəyirmi masa keçirilib – FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “İntellekt” Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə “Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində “KİV ədəbi dil qaydalarına necə əməl edir?” mövzusunda Dəyirmi masa keçirilib.

Dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvləri, AMEA-nın Dilçilik İnstitutunun əməkdaşları və jurnalistlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, layihənin eksperti Niyaz Niftiyev icrasına may ayının 1-dən başlanılan layihənin avqustun 31-də yekunlaşacağını vurğulayıb: “Layihə çərçivəsində buklet çap olunub. Mətbuatda alınma sözlərdən istifadə vəziyyəti araşdırılıb. Həmçinin, teleradio məkanında təqdim olunan verilişlərin monitorinqi aparılıb. Tablolar, reklamlar və mağazaların üzərindəki sözlərin yazılışının monitorinqi aparılıb və bu barədə “Kaspi” qəzetində 12 yazı dərc edilib. Azərbaycan Mətbuat Şurası, Milli Teleradio Şurası, AMEA-nın Dilçilik İnstitutunun davamlı fəaliyyətləri nəticəsində media sahəsində dil normalarının pozulması halları xeyli azalıb”.

AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru Sevinc Əliyeva qeyd edib ki, bu məsələ barədə illərdir araşdırmalar aparılır, danışılır: “Bir məsələ sevindiricidir ki, istər TV-lərdə, istərsə də digər KİV-də əvvəlki illərlə müqayisədə vəziyyət xeyli dəyişib, inkişaf var. Təmsil etdiyim qurum və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu tərəfindən jurnalistlər üçün treninqlər təşkil edilib. Müxtəlif TV-lərdə, regionlarda olduq. Mən jurnalistlərimizin öyrənməyə həvəsli olduqlarını gördüm”.

S. Əliyeva bildirib ki, bütün TV-lərə öz tövsiyələrini veriblər: “Bu dəfə treninqlərimizə AzTV də cəlb olunmuşdu. Mediaya hər yeni gələn şəxs özü ilə yeni danışıq gətirir. Təəssüflə qeyd etməliyəm ki, insanların mütaliə səviyyəsi çox zəifdir. Jurnalistlərin nitqindəki qüsurlar mütaliə ilə bağlıdır. TV təbliğat vasitəsidir. İnsanlar yanlışlığı TV-də görəndə onun doğru olduğunu düşünürlər. Azərbaycan dilinin səlisliyini qorumaq hər birimizin borcudur”.

Filologiya üzrə elmlər doktoru Sərdar Zeynal təəssüflə qeyd edib ki, dildən hər kəs öz istədiyi kimi istifadə edir: “Məktəbdən başlayaraq, dil uşaqlara normalara uyğun şəkildə öyrədilməlidir. Dil dəyişkəndir. Füzulinin ana dilində yazmasına sevinirik, amma əsəri oxuyanda birbaşa anlamırıq. Hər bölgənin öz dialekti var. Sıradan çıxan sözlərimizi yazıya qaytarmalıyıq. Sözlərimizi gələcək nəsillərə çatdırmalıyıq. Məsələn, reklamlarda xeyli səhvlərə rast gəlirik. Yəqin ki, bu hallara nəzarət olunacaq və qaydaya salınacaq”.

Filologiya üzrə fəlsəfə doktoru Elşad Abışov isə bildirib ki, dilimiz məhrumiyyətlərə məruz qalsa da, onu qoruya bilmişik: “Dilimizin təmizliyi üçün mübarizə aparmalıyıq. Məsələn, türkiyəli iş adamları ölkəmizdə hər hansı bir şirkət, iaşə obyekti quranda öz milli adlarından istifadə edirlər. Biz isə daha çox xarici adlardan istifadə edirik. Ümid edirəm ki, bu kimi hallar zamanla aradan qalxacaq”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin fikrincə, dil normalarına ən çox ənənəvi mediada əməl olunur: “Problemlər daha çox sosial mediadadır. Təəssüf ki, gənclər bəzi sözləri qısa, “slm” (salam), “tşk” (təşəkkür) şəklində yazırlar. Bu, sadə problem deyil. Dil dəyişkəndir, bu, zəruridir. Bu gün orta əsr dili ilə informasiya çatdıra bilmərik. Amma bu, o demək deyil ki, ədəbi dil normalarını korlamalıyıq”.

M. Ələsgərli onu da qeyd edib ki, informasiyanı tez çatdırmaq xatirinə dil normalarını korlamaq olmaz: “Problemi qabartmaqda məqsədimiz bu kimi halların aradan qaldırılmasına nail olmaqdır. Ən çox şou verilişlərində dil normalarının pozulmasına rast gəlinir. Dilimizə problemli deməyək. Ola bilsin ki, nəyisə zamana düzgün uyğunlaşdırmamışıq. Onları tapıb aradan qaldırmaq lazımdır”.

AMEA-nın Dilçilik İnstitutunun bölmə rəhbəri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov deyib ki, Azərbaycan dili saf dildir: “Bu işdə məsuliyyət məsələsi var. Dili korlamaq istəyən hər bir şəxs qınanmalıdır. Bir daha deyirəm, yazıya məsuliyyətlə yanaşılmalıdır”.

Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondunun mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu hesab edir ki, bu cür müzakirələr effektiv nəticə verir: “Dil haqqında bizdən pafoslu danışan toplum yoxdur, amma bu sahədə hələ də problemlər qalmaqdadır. Keçirdiyimiz treninqlərin iştirakçıları ixtisas üzrə jurnalist olanlar və demək olar ki, səhv etməyən jurnalistlər idi. Onlar harada səhv etdiklərini və düzgün olanı öyrənməyə gəlmişdilər. “Ulduz” aparıcılar treninqlərə qatılmamışdılar. Yüksək reytinq əldə etdiklərinə görə mütəxəssislərin treninqlərinə qatılmağa ehtiyacları olduğunu düşünmədilər. Ona görə də düşünürəm ki, efirlərə ixtisasca jurnalist olanları qaytarmaq lazımdır. Ölkəmizdə ictimai qınaq var və bütün problemlər zamanla həllini tapacaq. Orta məktəblərdə uşaqlara azadlıq verilməlidir ki, onlar fikirlərini rahat ifadə etməyi öyrənsinlər”.

Tədbir müzakirələrə davam edib. Dəyirmi masa iştirakçılarına əyani vəsaitlər paylanılıb.