GündəmManşetMüsahibəSiyasət

“Hər iki işimin məsuliyyətini yaxşı dərk edirəm” – Müsahibə

Bu gün Azərbaycan cüdosu özünün yüksəliş dövrünə qədəm qoyub. Idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi nəticələr bunun aydın təzahürüdür. Bu nailiyyətlərin əldə olunmasında yerli mütəxəssislərin və federasiyanın müstəsna rolu vardır. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi yeni fəaliyyət dövründə idmançılar, məşqçilər və hakimlər üçün lazımi şərait yaradıb. Federasiya tərəfindən şərait yaradılan, onların əməli fəaliyyətlərində dəstək olunan hakimlərdən biri də Mətin Rəhimlidir.

Gənc yaşlarından idmanın cüdo növü ilə məşğul olan Mətin müəllim hazırda cüdo idman növü üzrə yarışlarda ədaləti qoruyur.

Mətin Rəhimli 1968-ci il avqustun 6-da Naxçıvan şəhərində anadan olub. Uşaq yaşlarından ailəsi ilə birgə “gənclər şəhəri” olan Sumqayıta köçüb. Orta məktəbi elə bu şəhərdə bitirən Mətin Rəhimli, eyni zamanda idmanla da məşğul olub. Məşqlərə gimnastika və futbolla başlasa da, 10 yaşından etibarən tanınmış mütəxəssis Fərhad Agayevin məşqlərində iştirak edib. Sonralar isə Sumqayıtda cüdonun inkişafında böyük əməyi olmuş Filman İsmayılovun yanında cüdo idman növünün sirlərinə yiyələnib. O, tezliklə məşqçilərin ümidlərini doğruldaraq şəhər və respublika çempionatlarında mükafatçılar sırasında yer alıb. Bununla yanaşı beynəlxalq turnirlərin qalibi, həmçinin SSRİ birinciliklərinin iştirakçısı olub. 1986-cı ildə SSRİ idman ustası normasını yerinə yetirən Mətin Rəhimli sonradan cüdo üzrə yarışlarda özünü hakim kimi sınamağa başlayıb. Ölkəmizi bir sıra mötəbər yarışlarda təmsil edən Mətin müəllim 2016-cı ilin aprel ayında İtaliyanın Liqnano şəhərində keçirilən Avropa kuboku yarışlarında beynəlxalq dərəcəli hakim tituluna yiyələnib. Mətin Rəhimli 1995-ci ildən etibarən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində çalışır. O, gömrük xidməti polkovnik-leytenantıdır. Qısa zaman ərzində bir sıra uğurlara sahib olan Mətin Rəhimli ilə görüşüb, onunla idmandakı fəaliyyəti ilə bağlı söhbət etdik.

– Siz eyni zamanda həm gömrükçü və həm də hakim kimi fəaliyyət göstərirsiz. Hər iki sahənin çox məsuliyyətli olduğunu nəzərə alsaq, bu sahələrdə fəaliyyət göstərmək sizə çətinlik yaratmır ki?

– Əvvəlcə qeyd edim ki, hər iki işimin məsuliyyətini yaxşı dərk edirəm. Beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərmək üçün mənə Azərbaycan Cüdo Federasiyası tərəfindən göstərilən dəstək yetərincədir. Azərbaycan Respublikası Gömrük Komitəsinin rəhbərliyi, eləcə də Hava Limanında Baş Gömrük idarəsinin rəisi gömrük xidməti polkovniki Bəhruz Quliyev də lazımi şəraiti yaradır. Gənclər və İdman Nazirliyi də öz növbəsində bizə böyük dəstək olur. Yaradılan bu şəraitdən sonra ölkəmizi beynəlxalq aləmdə təmsil etmək mənim üçün çətin olmur.

– Mətin müəllim, uzun müddətdir ki, cüdo yarışlarında hakimlik edirsiniz. Bu işdə çətinlik yaranmır ki?

– Bəli, bir neçə ildir ki, istər ölkədaxili, istərsə də beynəlxalq yarışlarla ədalət təmsilçisi kimi çıxış edirəm. Əvvəllər bu iş mənə bir qədər çətin gəlirdi. Buna görə ilk öncə hakimliklə bağlı biliklərimi artırmağa çalışdım. Əgər beynəlxalq yarışlarda iştirak ediriksə, xarici dil bilmək vacibdir.

Bildirmək istəyirəm ki, 2015-ci ildə ölkəmizdə birinci Avropa Oyunlarından sonra bu sahəyə olan həvəsim daha da artdı. Qərara aldım ki, cüdodakı gələcək fəaliyyətimi hakim kimi davam etdirim. İstərdim, yaxın müddətdə A kateqoriyasına yiyələnib, ölkəmizi daha mötəbər yarışlarda, xüsusilə Yay Olimpiya Oyunlarında təmsil edim. Bir sözlə Azərbaycan cüdosuna xidmət etmək istəyirəm.

– Siz neçə illik təcrübəyə əsaslanıb, məşqçi kimi də fəaliyyət göstərə bilərdiniz. Seçiminiz isə hakimlik oldu.

– Düzdür, mən məşqçi kimi də özümü sınaya bilərdim. Bu potensialı özümdə görürdüm. Lakin düşündüm ki, mən ölkə idmanına daha çox hakim kimi xeyir verə bilərəm. Ölkəmizdə çoxlu güclü cüdoçular var və bu cüdoçuların davamçılarının yetişməsi ücün biz hakimlərin üzərinə böyük məsuliyyət düşür. Bunun ücün biz hakimlər ölkə birinciliklərini tam şəffaf və ədalətli keçirməliyik. Ona görə də neytral hakimlərə ehtiyac böyükdür. Hal hazırda federasiya rəhbərliyinin göstərişi ilə mən bu iş üzərində çalışıram.

– Bildiyimizə görə, federasiyanın hakimlər kollegiyasının üzvü kimi, eyni zamanda, bölgələrdə də fəaliyyətinizi davam etdirirsiniz. Bu fəaliyyəti hansı istiqamətdə həyata keçirirsiz?

– Artıq bir neçə ildir ki, federasiya rəhbərliyi bölgələrdə cüdonu inkişaf etdirmək ücün bir sıra işlər görür. Bölgələri də əhatə edən bu işlərə tanınmış mütəxəssis Tərlan Poladov rəhbərlik edir. Mən isə öz növbəmdə regionlarda hakimləri seleksiya edərək, onların güclü hakim kimi yetişmələri üçün əlimdən gələni əsirgəmirəm. Onlarla tez-tez internetlə, eləcə də federasiya tərəfindən təşkil olunan seminarlarda görüşüb, fikir və təcrübə mübadiləsi aparıram.

– Həyatda çətinlikləriniz olubmu? Belə hallardan necə çıxırsız?

– Əlbəttə. Həyat çətinliklər üzərində qurulub. Bu hallarda soyuqqanlı və səbrli olmağa və vaxtımı daha çox ailəmlə keçirməyə çalışıram.

– Yarıməsrlik ömrü qət etmisiniz. Bu barədə öz-özünüzə hesabat vermisiniz?

– Maraqlı sualdır. Bu yaxınlarda bu münasibətlə ailəm, dostlarım və qohumlarımla bir araya toplaşmışdıq. Həmin tədbirdə qısa çıxış edib bildirdim ki, həyatda bütün uğurlara ətrafımda olan ən yaxın insanların mənəvi dəstəyi sayəsində nail olmuşam. Amma bu 50 ildə qazandığım ən bahalı və ən qiymətli hədiyyəm mənim ailəmdir.

– Dostlarınız sizdən soruşanda ki, Mətin müəllim, övladımızı hansı idman növünə cəlb edək, cavabınız necə olur?

– Bu sualı mənə tez-tez ünvanlayırlar. Bildirirəm ki, uşağın marağına və fiziki imkanlarına uyğun seçim aparılsın. Burada yaş həddi mütləq nəzərə alınmalıdır. Erkən yaşda ağır idman növləri ilə məşğul olmaq məsləhət deyil. Çalışıb kiçik yaşlarında üzgüçülük və gimnastikaya üstünlük vermək lazımdır. Erkən yaşda bu idman növləri ilə məşğul olan uşaqların bədən quruluşu möhkəm olur. Yalnız 9-10 yaşlarından sonra cüdo ilə məşğul olmağı onlara tövsiyyə edirəm.

– Arzular yaşamaq üçün bir səbəbdir. Həyat arzular üzərində qurulub. Daha hansı arzularınızın həyata keçməsini istəyirsiniz?

– Doğrudan da, bu belədir. Arzular insan həyatında mühüm rol oynayır və heç vaxt tükənmir. Həyatda bu günə kimi bəzi arzularıma çatmışam. Ən əsası can sağlığıdır. Bu olmadan heç bir arzudan danışmaq mümkün deyil. Ən əsası istəyirəm ki, övladlarımın xoş günlərində onlarla birlikdə olum və gördüyüm işlərlə insanlara yararlı olum./SİA.Az