Ədəbiyyat

“Dili inkişaf etdirmək, gələcək nəsillərə ötürmək borcumuzdur”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dostluq” gənclərin əlaqələndirmə mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı məqsədləri: vətəndaşlıq vəzifəsi və sosial məsuliyyət kontekstində” adlı layihənin tədbirləri uğurla davam edir.Bu barədə Aktor.Az-a təşkilatdan məlumat veriib.

Aktor.Az-ın məlumatına görə, İctimai Birliyin sədri Yusif Ağayev keçirilən tədbirlərdə çıxış edərək gənclərə layihənin əhəmiyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, əsas məqsəd Azərbaycan dilinin inkişafı ilə bağlı dövlətin apardığı fəaliyyətə vətəndaş cəmiyyəti olaraq dəstək verməkdir. Bu dili inkişaf etdirmək, gələcək nəsillərə ötürmək bizim ali vətəndaşlıq borcumuzdur. Y.Ağayev Azərbaycan dilinə xələl gətirə biləcək işlərin qarşısının alınması istiqamətində, keçirilən təlimlərin faydalı olacağına inamını ifadə etmişdir.

Layihə üzrə sessiyalarda mütəxəssislərin çıxışları dinlənilib. F.e.d., professor A.Bayramov, f.e.d. professor M.Quliyev, Ə.Musayev, X.Paşayeva və digərləri layihənin mövzusunun günümüzdə aktuallıq kəsb etdiyini bildiriblər. Onlar “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və digər müvafiq sənədlərin əhəmiyyətini qeyd ediblər.

Çıxışçılar, eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi indiki dövrdə Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsinin tələb edildiyini, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsinin əhəmiyyətini qeyd ediblər.