Əli Həsənov bir qrup türkiyəli jurnalistlə görüşüb
Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Türkiyənin Qəzetçilər Birliyi və Anadolu Yayımçılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin 40-dan artıq jurnalisti Azərbaycanda səfərdədir. Onlar iki gün ərzində Bakıda Azərbaycan jurnalistləri ilə bir araya gələcək, jurnalistikanın aktual problemlərinə dair məsələləri müzakirə edəcəklər. Bakıda fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası, Azərbaycan Mətbuat Şurası və “Yeni çağ” media qrupu da bu forumun təşkilatçıları sırasındadır.
Forumda iştirak etmək üçün Bakıya gələn türkiyəli jurnalistlərin bir qrupu iyulun 20-də Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüb.
Görüşdə Əli Həsənov Azərbaycanda son zamanlar yaşanan proseslərdən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən, Azərbaycanın ötən 15 ildəki inkişafından, iqtisadi, siyasi, sosial sahələrdə görülən işlərdən, qardaş ölkələrimizin liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsindən, onun region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfəsindən danışdı.
Azərbaycanın və qardaş Türkiyənin regionda artan rolunu vurğulayan Prezidentin köməkçisi türkiyəli jurnalistlərin suallarını cavablandırdı.