Bəhruz Həsənov:”Təxribat xarakterli yazılar dərc edənlərə qarşı ciddi addımlar atırıq”
Sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı təxribat xarakterli yazılar dərc edənlərə qarşı ciddi addımlar atırıq.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Bakıda keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı deyib.
B.Həsənov bildirib ki, bu gün internet mediası yenilənir və informasiya mübadiləsi olduqca sadələşir. Artıq dünyanın ən aparıcı qəzetləri də sosial şəbəkələr üzərindən fəaliyyət göstərirlər:
“Biz də sosial şəbəkələrdən Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istifadə edirik. Lakin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı təxribat xarakterli yazılar dərc edən səhifələr də var. Biz buna qarşı mümkün qədər ciddi addımlar atırıq, diaspor fəaliyyətinin fəaliyyətini gücləndirmişik. Ermənistan və Azərbaycan arasında uzun illərdir davam edən proseslərin fərqli aspektlərdən təsvir edilməsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması da bu mübarizəyə aiddir. Bu proseslərin əsl mahiyyəti həm Türkiyə, həm də Azərbaycan mediasında öz əksini tapır. Ümid edirəm ki, iki qardaş ölkə arasındakı münasibətlər media üzərindən də güclənəcək. Bunu həm Azərbaycan Prezidenti, həm də Türkiyə Prezidenti daim öz çıxışlarında qeyd edirlər”.
Administrasiya rəsmisi vurğulayıb ki, Gəncə hadisələri zamanı Türkiyə mediasının yanlış məlumat deyil, məsələni bütün aspektlərdən araşdıraraq yayımlaması onların bizə olan dəstəyidir: “Təbii ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və Azərbaycanda Gəncə hadisələri ölkələrin sabitliyinin pozulmasına yönəldiyi üçün bu çətin vaxtlarda iki ölkənin bir-birinə dəstəyi çox mühüm idi”.