Təhdidlərə qarşı böyük gücə malikik – Deputat
10 iyulda Gəncədə baş verən insident birbaşa olaraq iyulun 3-də Elmar Vəliyevə qarşı törədilmiş terror aktı ilə bağlıdır. Bu ixtişaş da onun davamı kimi qiymətləndirilə bilər. Bu nöqteyi-nəzərdən 150-200 nəfərlik ixtişaşçı qrupun, dini radikal qruplaşmanın üzvlərinin Gəncə şəhərinin mərkəzində törətdikləri cinayət də adi cinayət deyil, bunlar birbaşa terror əməli kmi qiymətləndirilməlidir.Bunları AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov dedi. Onun sözlərinə görə, bu cinayəti törədənlərin bütün hərəkətləri siyasi motivlidir. Bu motiv ilk növbədə hakimiyyət, ölkədə təhlükəsizlik və sabitlik əleyhinə yönəlib:
“İlkin təhlillər bu qənaətə gəlməyə əsas verir ki, bu radikal dini ünsürlərin həm minimum, həm də maksimum proqramları olub. Minimum proqramlarına daxildir: İlk növbədə Gəncə şəhərində sabitliyi pozmaq, ölkənin ikinci böyük şəhərindən söhbət gedir, təhlükəsizlik mühitini aradan qaldırmaq, vətəndaş itaətsizliyinə nail olmaq və nəticədə Gəncəni xaosa sürükləmək. Maksimum proqrama gəldikdə isə Gəncədəki hadisələri ölkənin digər bölgələrinə transfer etmək, son nəticədə paytaxt Bakıda analoji hadisələr həyata keçirməklə bütün ölkədə xaos yaratmaqdır. Ardınca isə ölkənin konstitusion quruluşunu dəyişmək və hakimiyyəti ələ keçirməklə Azərbaycanı şəriət qanunları ilə idarə edən bir dövlətə çevirməkdir.
Deputat vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edir ki, Azərbaycan çox güclü dövlətdir və tarixdə heç bir zaman indiki qədər güclü olmayıb. Azərbaycana daxildən heç bir təhdid və risklər yoxdur. Bütün təhdid və risklər yalnız xaricdən ola bilər. Lakin Azərbaycan bütün təhdidlərə qarşı böyük gücə və potensiala malikdir:
“Məsələyə bu məntiqlə yanaşdıqda hesab edirəm ki, Gəncədə baş verən bu hadisənin arxasında da xaricdə fəaliyyət göstərən müəyyən antiazərbaycan dairələr dayanır. Hazırda hüquq mühafizə orqanları müəyyən araşdırmalar aparır. Amma hər halda 3 iyul hadisələrindən sonra məlum oldu ki, hadisəni törədən şəxs İranın Qum şəhərində, eyni zamanda Suriyada silahlı birləşmələrin tərkibində olub. Söhbət ilk növbədə o qüvvələrdən gedir ki, onlar terrorçu mahiyyəti və xarakteri kəsb edirlər. Bu qüvvələr əslində İslamı, müsəlman dünyasını gözdən salmağa xidmət edirlər. Islamafob qüvvələrin də əsas niyyəti odur ki, bax belə radikal dini toqquşmalardan istifadə edib terrorçu damğası ilə İslamı gözdən salmaqdır.
E.Nəsirov əlavə etdi ki, Azərbaycan da müsəlman dövləti olaraq dünyada bir sabitlik adası kimi tanınmaqdadır. Sön illərdə ölkəmizin həyata keçirdiyi böyük qlobal layihələr xaricdə olan antimilli qüvvələrin yuxusuna haram qatıb. Amma bunların heç bir nəticəsi olmayıb və olmayacaq. Çünki Azərbaycanda xalq və hakimiyyət birliyi çox möhkəmdir. Bu cür hallarda isə xalqımız bir daha görür ki, bu birliyi pozmaq istəyən nə qədər şər qüvvələr mövcuddur.