GündəmKÖŞƏManşetSiyasət

Dövlətimə uzanan əllər kəsilsin!

Gəncədə təxribat törətmək istəyənlərə dövlət yetərincə nəzakətli bir şəkildə reaksiya verdi. İnsanlara izah edildi ki, qanunsuz əməl törətməsinlər. Hətta bu nəzakətli davranış o həddə oldu ki, polislərimiz insanların qarşısına arxayın, rahat və silahsız çıxdılar.

Nə baş verdi? İki yüksək rütbəli polis zabitimiz xaincəsinə şəhid edildi!

Bəli, təxribatçılar Azərbaycan dövlətinin polislərini xaincəsinə şəhid etdilər!

Bizim ölkəmizdə bu baş verməliydimi? Verməməliydi! Çünki Azərbaycan bir hüquq dövlətidir, bütün məsələlər qanun çərçivəsində və müstəvisində həll edilməlidir!

Görünür, Azərbaycanın bir sabit hüquq dövləti olması Gəncə təxribatını körükləndirən xarici mərkəzlərin və onların içimizdəki fanatik – beyinsiz uzantılarının ürəyincə deyil! Ona görə də heç bir zor tətbiq etməyən polisləri şəhid etməklə dövlətin zora əl atmasını körükləndirmək yolu tutdular. “Bəlkə bundan sonra alınar” düşüncəsilə.

Bundan sonra da alınmayacaq! Çünki Azərbaycan xalqı böyük hesabla bu təxribatçılara qarşıdır. Azərbaycan xalqı bu təxribatların haradan və nədən qaynaqlandığını da yaxşı anlayır. Azərbaycan xalqı hər zamankı kimi dövlətin arxasındadır!

Azərbaycan xalqı Gəncə olaylarında bir daha göstərdi ki, dövlətlədir, onun rəhbəri Prezident İlham Əliyevlədir!

Azərbaycan polisi isə öz davranışıyla bir daha sübut etdi ki, ölkədə ayaq açıb yerimək istəyən başıpozuqlara imkan verməyəcək ki, sabitliyi pozsunlar! Bunun üçün şanlı polislərimiz qanlarını və canlarını fəda etməkdən belə çəkinmədilər!

Fanatik dinçi təxribatçılar isə bir daha öz mənfur simalarını göstərdilər. Şəxsən mən ilk günlərdə düşünürdüm ki, Gəncə icra başçısı Elmar Vəliyevə sui-qəsd etmiş Yunus Səfərov hardasa haqlı ola bilər. Amma iyulun 10-da Gəncədə törədilmiş təxribatdan sonra qəti əmin oldum ki, məsələ başqadır. Məsələ Azərbaycanı içəridən dağıtmaq, vətəndaş qarşıdurması yaratmaq və hakimiyyətlə xalq arasında uçuruma səbəb vermək üçün adi bir təxribatla bağlıdır. Və bu olay bir gerçəyi təsdiq etdi ki, Gəncə sakinləri də daxil olmaqla Azərbaycan xalqı kənar qüvvələrin və onların daxili uzantılarının təxribatlarına alət olacaq deyil!

Gəncə olayları xalq-iqtidar birliyinin daha bir bariz nümunəsi oldu. Belə olmasaydı təxribatçıların çağırışına minlərlə insan qoşulmalıydı. Qoşulmadılar. Nəinki qoşulmadılar, hələ onların bu təxribatının qarşısını almaq üçün dövlətlə çiyin-çiyinə durdular.

Gəncə olayları üzücüdür. Özəlliklə də polis zabitlərinin şəhid edilməsi baxımından. Bununla belə bir daha əmin olduq ki, Azərbaycan dövləti heç bir təxribatçıya dövlətlə dövlətçilik etməyə imkan verməyəcək!

Elə biz də dövlətimizin arxasında olmaqla bu başıpozuq fanatiklərin layiqli cəzasını alması üçün əlimizdən gələni edəcəyik!

 

AZƏR HƏSRƏT, əməkdar jurnalist