Siyasət

Qarşıdakı illərdə də xalq Prezidenti dəstəkləyəcək – Deputat

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2018-ci ilin birinci yarısının yekunlarına dair iclasda ölkə başçısı bu müddət ərzində ölkəmizin həm daxili, həm də xarici siyasətində qazanılan uğurlar, həllini gözləyən məsələlər ətrafında ətraflı çıxış etdi”.
Bunu “Sherg.az”a millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib.
Deputat Prezidentin toxunduğu məsələləri geniş izah edib:
“Cənab prezident bu il aprelin 11-də keçirilən seçkilərdən danışdı və bildirdi ki, prezident seçkiləri son dərəcə demokratik, şəffaf keçirildi. Xalq öz iradəsini nümayiş etdirdi. Seçkilərin nəticəsi göstərir ki, Azərbaycan xalqı son 15 il ərzində həyata keçirilən siyasəti dəstəkləyir, ölkə başçısına etimad göstərir. Bu da bizə əsas verir ki, qarşıdakı illərdə də xalq bu siyasəti dəstəkləyəcək və bunun alternativi olmadığını təsdiqləyəcək.
Ölkə başçısının vurğuladığı kimi bir sıra dövlət başçıları, prezidentlər İlham Əliyevi qələbə münasibətilə təbrik etdilər. Həm region ölkələri, həm də beynəlxalq güclər Azərbaycanın mövcud siyasətini dəstəklədiklərini ifadə ediblər.
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın inkişafının təməlində düşünülmüş siyasət, güclü iradə və güclü iqtisadiyyat dayanır. Bundan çıxış edərək Azərbaycan özünün uğurlu daxili və xarici siyasətini həyata keçirir. Bu kontekstdə dövlət başçısı xarici siyasət məsələlərinə xüsusi diqqət ayırdı və qeyd etdi ki, keçən 6 ay ərzində Azərbaycanın fəal, uğurlu xarici siyasət kursu olub. Xüsusilə, qonşu dövlətlərlə əməkdaşlığımız fəal inkişaf edir. Bu müddət ərzində xarici ölkələrin rəhbərləri ilə bir çox görüşlər keçirilib, növbəti müddət üçün planlar hazırlanmışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, islam ölkələri ilə münasibətlərimiz daha yaxşıdır. Ötən il “İslam Həmrəyliyi İli” kimi qeyd olundu və bu il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bütün bunlar göstərir ki, bütün dünyada olduğu kimi müsəlman aləmində də Azərbaycanın etibarı, nüfuzu yüksəkdir.
Avropa İttifaqı ilə münasibətlərə gəlincə, İlham Əliyev yeni saziş üzərində çalışıldığını vurğuladı. Bu sazişin imzalanması Azərbaycan-Aİ münasibətlərini daha da inkişaf etdirəcək. Avropa İttifaqı (Aİ) ölkələrinin üçdə biri ilə yüksək tərəfdaşlıq münasibətlərimiz var. Bu bir daha göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün də olduqca əhəmiyyətli dövlətdir.
Prezident İlham Əliyev daha sonra çıxışında Amerika Birləşmiş Ştatları ilə münasibətlərin daha da yaxşılaşdığını bəyan etdi. Onun sözlərinə görə, aprel-may ayları ərzində ABŞ prezidenti Donald Tramp Azərbaycan dövlət başçısına üç məktub ünvanlayıb. Bu məktublardan biri prezident seçkilərində İlham Əliyevin qələbəsi, ikincisi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, sonuncu isə “Cənub Qaz Dəhlizi”nin işə salınması ilə əlaqədardır. Bütün bu məktublar, səsləndirilən müsbət fikirlər təsdiqləyir ki, Azərbaycanın beynəlxalq sülhün təminatında rolu yüksəkdir. Qeyd etdiyimiz məktublar ABŞ-Azərbaycan münasibətlərinin mahiyyətini bir daha özündə əks etdirir”.
Ölkə başçısının “Qoşulmama hərəkatı” haqqında söylədiyi fikirlərə diqqət çəkən, parlamentari diqqətə çatdırıb ki, bu il Bakıda təşkilatın toplantısı keçirilib. Deputat qeyd edib ki, “Qoşulmama hərəkatı” say tərkibinə görə, BMT-dən sonra ikinci yerdə dayanır və Azərbaycanın bu təşkilatda çıxış etməsi mühüm məsələdir:
“Bu hərəkatda 120 ölkə təmsil olunur. “Qoşulmama hərəkatı”nın önəmli konfranslarından birinin ölkəmizdə keçirilməsi təşkilatın Azərbaycana verdiyi yüksək dəyərin nümunəsidir. Sözügedən təşkilat bir neçə dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini ifadə edən, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini əks etdirən qərarlar nümayiş etdirib.
Azərbaycan qazandığı bütün bu beynəlxalq uğurlar kontekstində Azərbaycan prezidenti Ermənistandakı vəziyyətə də diqqət çəkib. Prezident qeyd edib ki, 20 ildən artıqdır Ermənistanda hakimiyyəti ələ almış qaniçən xunta rejimi çökdü və tarixin səhnəsindən rədd olub getdi. Prezident İlham Əliyev hər zaman, beynəlxalq təşkilatların qarşısında belə Ermənistanda xunta rejiminin hakimiyyətdə olduğunu vurğulayırdı. Erməni xalqı isə yalnız bu gün həqiqəti dərk edib. Bu xalq özü xunta rejiminin girovuna çevrilib. Sarkisyan rejiminin iflası isə Ermənistan dövlətçiliyinin çökməsi deməkdir.
Azərbaycanın 2016-cı il aprel döyüşlərində düşmən üzərində qazandığı uğur Ermənistanda ciddi siyasi böhran yaratdı. Ona görə, Sarkisyan rejimi də 2 ildən artıq tab gətirə bilmədi. Sarkisyan rejiminin qaniçən siyasətindən başqa Azərbaycanın yeritdiyi siyasət də Ermənistan rəhbərliyinin məğlub olmasına şərait yaratdı. Ona görə, Azərbaycanın Ermənistana qarşı apardığı təcridetmə siyasəti bundan sonra da davam edəcək. Torpaqlarımız işğaldan azad olunmayana qədər Azərbaycanın təşəbbüskarı olduğu layihələrdə Ermənistanın iştirakı, onun regionda təcrid olunmadan qurtulması mümkün deyil. Prezidentin vurğuladığı kimi Ermənistanın zəifliyinin göstəricisidir ki, bizi beynəlxalq təşkilatlara şikayət etməyə cəhd göstərir. Düşmənin iddia etdiyi kimi güclü ordusu, potensialı varsa, niyə ayrı-ayrı dövlətlərə, təşkilatlara şikayətlər edir?”
E.Nəsirov əlavə edib ki, Prezident İlham Əliyevin indiki Ermənistan rəhbərliyinə ünvanladığı mesajların mahiyyəti münaqişənin dinc yolla həllinə şərait yaradacaq amilləri ifadə edir:
“Nikol Paşinyan rejimi əvvəlki rəhbərliyin səhvlərindən nəticə çıxarmalı, konstruktiv danışıqlara gedərək, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri icra edilməlidir. Bu qətnamələrdə açıq şəkildə yazılıb ki, Ermənistan qoşunları torpaqlarımızdan qeyd -şərtsiz çıxarılmalıdır.
Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlara gəldikdə, ölkə başçısı qeyd etdi ki, 2018-ci ilin birinci yarısı ərzində ümumdaxili məhsulun həcmində 1,3 faiz artım müşahidə olunub. Eyni zamanda, qeyri-neft sektorunun 2 faiz artımı, sənayedə 1 faiz, qeyri-neft sənayesində isə 8,8 faiz inkişaf özünü göstərib. Bu nəticələr, artımlar xüsusilə vacib amillərdir.
Kənd təsərrüfatında əldə edilmiş 7.7 faizlik artım da qeyri-neft sektorunun inkişafı üçün mühüm məqamdır. Azərbaycan iqtisadiyyatına təkcə 6 ay ərzində 6 milyard dollar sərmayə qoyulub. 2018-ci ilin birinci yarısı üçün inflyasiyanın həcmi cəmi 3 faiz təşkil edib. Bunun fonunda valyuta ehtiyatlarımızın artımı isə dinamik şəkildə davam edir. Belə ki, son 6 ayın yekunlarına görə, 44,3 milyard dollarlıq valyuta ehtiyatlarımız formalaşıb. Biz ixrac yönümlü iqtisadiyyatın inkişaf etdirilməsi yönündə siyasətimizi davam etdiririk. Bunun isə konkret nəticələri müşahidə olunur. 2018-ci ilin ilk yarısında əldə edilən uğurlar bir daha təsdiqləyir ki, Azərbaycan Respublikasının düşünülmüş siyasəti, siyasi iradənin ortaya qoyulması bütün sahələrdə inkişafımızı şərtləndirir”.
Qeyd edək ki, iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan öz dinamik inkişaf templərini saxlayır:
“Azərbaycan xalqı həyata keçirilən siyasətə böyük dəstək verir və son 15 il ərzində görülmüş işləri yüksək qiymətləndirir. Şəffaf, ədalətli şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır”.