GündəmSiyasət

3 hərbiçimiz həlak oldu, 11-i yaralandı

Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda avtomobil qəzasında həlak olub, 11-i yaralanıb.

Bu barədə “Report”a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızı daşıyan BMC markalı avtomobil iyulun 5-i saat 18:30 radələrində qəzaya düşüb. Nəticədə 3 hərbçi həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Döyüş tapşırığını yerinə yetirib qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan hərbi qulluqçularımız iyulun 6-da yüzlərlə gəncin “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında doğulduqları kəndlərində son mənzilə yola salınıblar.

Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü, baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü, gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər.