AQTA-dan pambıq sahələrində maarifləndirmə tədbirləri
Qida Təhlükəsizliyi Agentliyi pambıqçılıq təsərrüfatlarında çalışan işçilərin təhlükəsizliyinin qorunması, pestisidlər, aqro-kimyəvi maddələr və digər bitki mühafizə vasitələrindən düzgün istifadə qaydalarının təşviqi ilə bağlı regionlarda maarifləndirici görüşlərini davam etdirir.Bu barədə qurumdan Aktor.Az-a verilən məlumatda deyilir.
Agentliyin əməkdaşları iyulun 5-də yerli və xarici şirkətlərin nümayəndələri ilə birgə Ağcabədi rayonunda yerləşən bir sıra pambıq sahələrinə baxış keçiriblər.
Agentliyin Fitosanitar nəzarəti şöbəsinin müdiri X. Dadaşova təsərrüfat rəhbərləri ilə görüş zamanı sanitar-gigiyena normaları və təhlükəsizlik texnikası qaydaları barədə ətraflı məlumat verərək bildirib ki, sahələrdə texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq, düzgün riayət edildikdə istifadə olunan pestisidlərin ətraf mühit və insan sağlamlığına mənfi təsir olmur, əksinə pestisidlərdən düzgün istifadə məhsul itkisinin qarşısını alır, məhsulun əmtəəlik keyfiyyətini yaxşılaşdırır. Şöbə müdiri həmçinin qeyd edibki, açıq tarla seminarlarının keçirilməsində əsas məqsəd pestisidlərin tətbiqini həyata keçirən iş icraçıları, torpaq mülkiyyətçiləri və fermerlər arasında təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsidir
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına dair təlimatlar təsərrüfat rəhbərlərinə və pambıq sahəsində çalışan işçilərə paylanılıb.