FotoTəhsil

AzMİU-da beynəlxalq konfrans keçirilib – FOTO

İyulun 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə “İnşaatda informasiya texnologiyaları və sistemlərinin tətbiqi imkanları və prespektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Universitetdən Aktor.Az-a verilən məlumata görə, konfransda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik-katib Rasim Əliquliyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbəri Elçin Zeynalov iştirak edib. Eyni zamanda AMEA-nın müxtəlif insitutlarından və ali təhsil müəssisələrindən nümayəndələr, Özbəkistandan gələn qonaqlar da konfransa qatılıblar.

Konfransı giriş nitqi ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq gələn qonaqları salamlayıb, mövzunun aktuallığına diqqət çəkib. Universitetin rektoru qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) əsrində yaşadığımız bir zamanda belə bir konfransın keçirilməsinin mühüm əhəmiyyəti var. Rektor İT texnologiyalarının inşaata tətbiqinin inşaat şirkətlərinin işində yarada biləcəyi üstünlüklər, bu sektorun dövrün çağırışlarına operativ uyğunlaşa bilməsi üçün yeni üsulların yaratdığı imkanlar və qeyd olunan texnologiyanın tətbiqi vasitəsilə rahatlıq, mobillik və operativliyin artırılması barədə məlumat verib. Qeyd edib ki, bu gün inşaat sahəsində informasiya texnologiyalarının tətbiqi tikilən yeni binaların, şəhərcik komplekslərinin tikintisini insan əməyi olmadan mümkün edir.

Tədbirdə iştirak edən qonaqlar da tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıblar. Konfransın plenar iclasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, akademik T.Əliyev və Özbəkistandan gəlmiş qonaq İbrohiməli Normatovun plenar məruzələri dinlənilib.

Məlumat üçün qeyd edək ki, iki gün davam edəcək konfransda 110 məruzənin dinlənilməsi nəzərdə tutulub.