Bakının su təminatı nə vaxt bərpa olunacaq? – “Azərsu”
Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma nəticəsində ölkənin su təchizatında yaranmış fasilələr aradan qaldırılmaqdadır.
Bunu Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.
A.Cəbrayıllı qeyd edib ki, elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb: “Hal-hazırda bu istiqamətdə bərpa işləri aparılır. Artıq Ceyranbatan su anbarında təmizləyici qurğularda rejim tam bərpa olunub və anbarda bütün qurğular tam gücü ilə işləyir. Kür təmizləyici qurğuların 75-80 faizi, Şollar su xətti də tam gücü ilə işləyir. Oğuz-Qəbələ-Bakı su kəməri isə hələ ki qoşulmayıb. Hazırda həmin xəttin qoşulmasına hazırlıq işləri gedir”.
A.Cəbrayıllı bildirib ki, Bakı şəhərində bütün nasosxanalara elektrik enerjisinin verilməsi bərpa olunub: “Anbarlardakı suyun əhaliyə paylanmasına başlanılıb. Günün sonuna qədər Bakının hər yerində suyun verilişi tam bərpa olunacaq”.
Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.