FEYSDƏKİ 5000 DOSTUMA…
Olur ki, bir Tvitter əhli hansısa məcburiyyət üzündən feysə gəlməli olur. Deyərsən, xalis alman turistdi. Hərçənd özü də Tvitterə Feysdən miqrasiya eləyib sığınacaq almış adamdı. Feysbuk, belə desək, Şərqi Avropadı, sovetdən qalmadı, Tvitter isə Avropanın özəyi və ya ABŞ-ın özüdü.
Feys də əvvəl abırlı idi, miqrantlar basdı, Avropanın bu hissəsini elədilər Şərq, guya burda avropalılaşıb üz tutdular Tvitterə, indi özlərini xas avropalı hesab etsələr də, nə Tvitterdə avropalıq qalır, nə o özündənrazı yelbeyin görgüsüz miqrantlarda avropalılıq…
Ancaq söhbətimin mövzusu bu deyil.
Düzünü desəm, yazmamışdan əvvəl bir qədər götür-qoy elədim, bu mövzuda yazım, yazmayım? Çəkindiyim o deyildi ki, məni layk ummaqda ittiham edərlər, hələ bu yaşda adamın umduğuna bax, deyərlər. Yox. Bu ittihamların zamanı keçdi, o ittihamçılar qalıbsa da, geridə qalmışlıqlarındandı. Artıq bütün sosial şəbəkələr kimi feysin də fəlsəfəsi elə budur: paylaşmaq, reaksiya gözləmək, reaksiya vermək…
Əvvəllər sosial şəbəkələrə əyləncə vasitəsi kimi baxılırdı. Abırlı, ağsaqqal kişilərin, ağbirçək xalaların burda zühuru belə gülüşlə qarşılanırdı. Elə bil bir ağsaqqal, bir ağbirçək durub gəlib bir sürü cavanın şıllaq atdığı diskotekaya, əynində də yırtıq cins, dar, bir qarışlıq ətək, dərin dekolte.
Getdikcə durum dəyişdi. Feysdə olan cavanların özləri də qocaldı, ağsaqqal, ağbirçəklərə çevrildilər. İndi yeni gələn südəmərlər bəzən onların özünü də “day-day”, “xala-bibi” adlandırır, gedib nəvələriylə oynamağı, parklarda təsbeh çevirib nərd atmağı məsləhət görürlər.
Feysbuk süni zəka ilə yaradılmış yeni alternativ dünyadı.
Artıq bu dünya real dünyanın taleyini həll edir: inqilablar burdan yönəldilir, qiyamlar burdan yatırılır, media burdadı, alış-veriş mərkəzləri, Mollar, dükanlar, hətta kənd bazarları, qatıq, qaymaq, süd, nehrə yağı da burda piştaxta üstündədi, alıcısını gözləyir. O qatığın, südün, nehrənin də süni zəka məhsulu olub-olmadığı hələ dəqiq bəlli deyil, buranın sanitar-gigiyena idarələri hələ açılmayıb, ancaq ehtimal ki, bunlar da olacaq.
Bəli, burda nikahlar baş verir, boşanmalar baş alıb gedir, eşq butaları burda verilir, burda alınır, intiharlar da elə bir başa burda, bəzən hətta canlı yayımla həyata keçirilir. Canlı doğuşları belə seyr etmək olur.
İndi durub buranı əyləncə məkanı adlandırmağın vaxtı keçib…
Təbii, buranı real həyatdan fərqləndirən bir şeylər var: insanlar bura öz seçimi ilə düşür, burdakı dünyaya adamlar ana bətnindən doğulmur, elə hazır gəlirlər. Real dünyada qonşunu özün seçmirsən, burda isə qonşularını özün müəyyən edirsən. Kimisə qonşu-dost seçib ona dəvət yollayırsansa, demək, məhz onunla qonşuluq etmək istəyirsən. Sənin də dostluq dəvətini o səbəblə qəbul edirlər ki, sən onları izləyəsən, atdıqları addımlara, söylədikləri fikirlərə baxasan, reaksiya verəsən, yəni laykdan-zaddan qoyasan, içindən keçsə, bir fikir də yazasan.
Ancaq mənzərə necədi? 5000 nəfərlik icma sayını dolduran adamların, sənə dostluq xahişində bulunan, sənin icmana qəbul edilmək istəyənlərin maksimum 200-300 nəfəri səninlə adam kimi qonşuluq edir. Bəs bunun qalanı hanı? Niyə mənasız yerə o 5000-lik yerini zəbt ediblər.
Sonra da deyirlər, filankəs layk xəstəsidi. Qardaş, xəstə sənin özünsən, burda yaşamaq fikrin yox idisə, nədən mənim binamda mənzil alıb, otaq tutub, yeri zəbt edirdin? Elə bil nazirdirlər, oliqarxdırlar, hər binada bir mənzil alıb atırlar başlarının altına, ancaq nə gəlirlər, nə gedirlər, nə bu kooperativin işində iştirak edirlər.
Tez-tez feysdə belə statuslarla qarşılaşırıq:“dostluq siyahımda təmizləmə apardım, min nəfər, iki min nəfəri sildim”. Bəzən bu tip statuslar qıcıq doğurur. Ancaq nahaq yerə. Adam bu bazara gəlib ki, malını satsın, mal alsın. Yox, onun malı sizinçün maraqsızdısa, ərazisinə niyə soxulmusuz? Yaxud onu qonşuluğunuza niyə alırsınız?
Beləcə məlum olur ki, dünyanın zəkalı kəsiminin baş sınıdırıb kəşf etdiyi gözəl bir ixtira Azərbaycanda əbləh bir şeyə çevrilib.
Məncə, azərbaycanlılar öz missiyasını sosial şəbəkələrdə bitmiş saya bilərlər. Miqrantlar Avropanı gözündən batırdıqları kimi, biz də bu Feysbuku artıq öz ölkəmizin gününə sala bilmişik. İndi vəqtdir, dönək öz həqiqi vətənimizə, şəhərimizə, kəndimizə-köyümüzə, xiyardan, qarpızdan əkib çıxaraq kolxoz bazarlarına. Bu şəbəkəni də verək onun fəlsəfəsini anlayan başqa millətlərə.
P.S. Yazımı ədəbi redaktoruma göndərdim. Fikri qısa oldu:“Vallah, bu sizin mövzu deyil elə bil. Cavanların işidi…”
Pərviz Cəbrayıl