Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır
Bakı-Quba yolunda rənglənmə və təmir işləri aparılır.Bu barədə Aktor.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Vaz dairəsindən Sumqayıt istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Bundan başqa, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-liyində (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri də aparılır.
Bu üzdən yolda hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.