DiasporGündəm

Fuad Muradovun Gürcüstan səfəri Ermənistanı ayağa qaldırdı

Bu ilin iyun ayının 13-də  Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfər etməsi və bu çərçivədə keçirilən çoxtərəfli görüşlər Ermənistan tərəfinin ciddi narahatlığına səbəb olub.

Bu barədə Modern.az-a Gürcüstanda yaşayan soydaşlarımız məlumat verib.

Verilən məlumata görə, Ermənistanın Gürcüstandakı  səfiri iyunun  27-dən başlayaraq Marneulinin ermənilər olan kəndlərində Diaspor Komitəsinin keçirdiyi  formatda görüşlər təşkil edir və guya problemlərlə maraqlanırlar.

Hətta Marneuli merinin funksiyasını icra edən Zaur Tabatadzeni də səfir öz kampaniyasına qatıb.

Ermənistan Azərbaycanın Diaspor rəhbərliyinin bölgəyə səfərindən  sonra Marneuli barədə narahat olub. Görünən odur ki, onlar həm ermənilər, həm də gürcülərin yanında psixoloji üstünlük qazanmaq istəyirlər.

Ermənistanın Gürcüstandakı səfiri keçirdiyi görüşlərdə açıq şəkildə bildirib ki, Azərbaycanın region ilə bağlı daha ciddi planları var. O, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin səfəri ilə əlaqələndirib. Eyni zamanda ciddi narahatlıqların olduğunu da gizlətməyib.

Gürcüstandakı soydaşlarımız qeyd edirlər ki, bu günə qədər belə hallarla qarşılaşmayıblar.

Hiss olunur ki, Ermənistan Azərbaycan-Gürcüstan münasibətlərindən əndişədədir. Azərbaycanın inkişafı, ətraf və uzaq ölkələrlə əməkdaşlığı düşmən ölkə üçün kabusa çevrilib.