DiasporGündəmManşetSiyasət

Gürcüstanda Rusiya təsirləri güclənir – ŞƏRH

Gürcüstanda son zamanlar ictimai-siyasi vəziyyətin gərginləşdiyi müşahidə olunur. Mitinqlər keçirilir və artıq ötən həftə mitinqçilərin tələbləri qarşısında baş nazir istefa verib. Qonşu ölkədə gedən proseslərin keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyətə gəlmə ehtimalını artırıb-artırmadığı sualı get-gedə aktuallaşır.

Siyasi analitik Yeganə Hacıyeva bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Gürcüstanda bu gün müsbət nə varsa məhz Mixail Saakavşilinin hakimiyyəti dönəmində əsası qoyulub. Bu ölkədə Saakaşvilinin rəhbərliyi altında başlanan demokratik proseslər dönməz xarakter alıb, cəmiyyət və dövlət institutları möhkəmlənib. Ölkədə qanunun aliliyi, müstəqil məhkəmə, hesabatlı hökumət,  iqtisadiyyatın inkişafı üçün münbit şərait və siyasi bir sistem, bu sistemin idarəçiliyində yetişən yeni qərbyönümlü nəsil formalaşıb. Ölkədə rəhbərin kim olmasından asılı olmayaraq bu sistem hələ də işlək və güclüdür.

Mixail Saakaşvili özü və partiyası hakimiyyətə qayıtmağa iddialıdır. Lakin hazırda bu iddianın gerçəkləşməsi üçün real zəmin yoxdur: “Mixail Saakaşvilini hakimiyyətə gürcü xalqı gətirə bilər. Lakin onun hakimiyyətə gəlişinə Rusiya bütün gücü ilə imkan verməməyə çalışır və çalışacaq. Belə bir vəziyyətdə isə Azərbaycanın Saakaşvilinin hakimiyyətə qayıdışına dəstək verməsi mümkün görünmür. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanla Gürcüstan yaxın qonşu dövlətlər olsalar da müstəqil dövlət olaraq bir-birinin daxili məsələlərinə bu şəkildə qarışmırlar. Odur ki, Saakaşvilinin Gürcüstanda yenidən hakimiyyətə gəlməsi üçün Azərbaycanın hansısa təşəbbüsdə olması haqqında danışsaq, bu,  inandırıcı görünməz. Bunun üçün nə ölkədaxili, nə də xarici faktorlar mövcud deyil”.

Ekspert onu da qeyd etdi ki, Gürcüstanda mövcud olan sistem ölkə daxilində digər arzuolunmaz qüvvələrin də, dini, radikal millətçi və s. kimi təhlükəli ideoloji qrupların inkişafına təkan verib. Həmin qüvvələr azadlıqlardan öz inkişafları üçün sui-istifadə ediblər. Uzunmüddətli hesabda bu qüvvələrin mövcudluğu  ölkənin milli maraqlarına hədə kimi  qəbul olunmaqdadır:

“Gürcüstanda Azərbaycanla xoş  münasibətlərdən məmnun olmayan qüvvələrin mövcudluğu da heç kimə sirr deyil. Ancaq Azərbaycan  Gürcüstanla dost və qardaş ölkə kimi  çoxlu sayda, regional və qlobal ticarət, enerji, nəqliyyat və təhlükəsizlik sahəsində strateji tərəfdaşdır, Gürcüstan iqtisadiyyatında  ən böyük xarici investordur. Bu ölkədə milyona yaxın etnik azərbaycanlı vətəndaş yaşayır”.

Yeganə Hacıyeva ile ilgili görsel sonucu

Y.Hacıyeva Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin istefaya məcbur edilməsinin arxasında Rusiya izinin olduğuna diqqət çəkdi: “Məsələnin maraqlı tərəfi budur ki, etirazçılar polis zorakılığı və ölkədə narkotikin satışı ilə bağlı siyasətin liberallaşması tələbi ilə başlasa da, günün ikinci saatında artıq kütlə artıq baş nazir Georgi Kvirikaşvilinin istefasını tələbi edirdi. Qeyd edim ki, ümumi iqtisadi göstəricilərə görə Georgi Kvirikaşvili post-Saakaşvili dövrünün ən uğurlu iqtisadi nailiyyətlərin müəllifi olan baş naziri idi. Dediyim kimi, etirazlar birdən-birə məhz bu şəxsin istefası tələbi ilə keçirildi. Bu hadisə Georgi Kvirikaşvilinin Vaşınqton səfərindən bir neçə gün sonra başladı. Kvirikaşvili ABŞ səfəri zamanı dövlət katibi Mayk Pompeo ilə görüşmüş, tərəflər arasında ölkənin 2008-ci il Buxarest sammitində qərara alınmış  Gürcüstanın NATO üzvlüyü ilə bağlı, Rusiya aqressiyasına məruz qalan ölkə kimi ABŞ tərəfindən  silahlandırılması məsələsini müzakirə etmiş və ABŞ-ın hərbi müttəfiqi kimi Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsində köməyinin vacibliyini nəzərə alaraq konkret addımlar atılmasının vacibliyini qeyd etmişdi. O, həmçinin NATO standartlarına çatmaq üçün bütün zəruri addımları atan Gürcüstanın həmçinin ABŞ-ın blokdankənar hərbi müttəfiqi olması təşəbbüsünü irəli sürmüş və ölkəsinin tank əleyhinə JAVELİN sistemini əldə etmək üçün şərait yaratdığına görə ABŞ-a təşəkkür etmişdi. Kvirikaşvili istefasını hakimiyyətdə olan Gürcü Arzusu Partiyasının lideri, Rusiyaya bağlı Bdzina İvanaşvili ilə aralarında olan fikir ayrılığı ilə izah edib. Bununla əslində o, dolayısı ilə işarə edib ki, istefa tələbinin ortaya çıxmasının arxasında Rusiya və ya Rusiyaya bağlı olanların planı dayanır. Görünən odur ki, uzunmüddətli hesabda Gürcüstanda siyasi proseslər Bdzina İvanaşvilinin yenidən baş nazir olması ilə nəticələnəcək”.