Milli Qəhrəman Aqarunovun xatirəsinə turnir keçirilir
Ölkəmizdə multikulturalizm, tolerantlığın qorunması, gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azad olunması uğrunda şəhid olan qəhrəmanlarımızn təbliği məqsədilə Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan Qara Dəniz və Xəzəryanı ölkələr arasında karate üzrə beynəlxalq turnir keçirilir.Beynəlxalq turnir Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ərəfəsində, 21-23 iyunda “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.
Turnir Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Milli Karate Federasiyası, “Arpaçay” karate klubu, Azərbaycan Dağ Yəhudiləri Dini İcması və Səbail Tank Taborunun birgə təşkilatçılığı ilə reallaşır.
Beynəlxalq turnirdə 10-a yaxın ölkənin nümayəndəsi iştirak edir. Turnirdə 5-13 yaş arasında uşaqlar, 14-18 yaşdan 30 yaşadək gənclər müxtəlif çəki dərəcəsində yarışacaqlar. Yarışın qalibləri Aqarunovun xatirəsinə həsr olunmuş xatirə medalları, kubok və diplomlarla mükafatlandırılacaqlar.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin ildönümü ərəfəsində ordumuzun aprel zəfəri və Milli Qəhrəman A.Aqarunovun xatirəsinə həsr edilmiş Sumqayıtda karate üzrə şəhər birinciliyi, ötən il isə Beynəlxalq Şotokan Karate-Do üzrə filialın beşinci açıq çempionatı keçirilmişdi.
A.Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir Gənclər və İdman Nazirliyinin, Milli Karate Federasiyasının təqvim planına salınaraq hər il keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Hələ sağlığında vətənpərvərliyi, qorxmazlığı, şücayəti ilə ad-san qazanan Albertin döyüş dostları onu böyük hörmət və ehtiramla “Şuşanın əfsanəsi” adlandırıblar.
A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.