Yaqland daim ermənipərəst mövqeyi ilə seçilib – XİN
Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqland daim ermənipərəst mövqeyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Ermənistan XİN-in mətbuat katibinin sayəsində Avropa Şurası kuluarlarında T.Yaqland barədə hər kəsə bəlli olan bütün ictimaiyyətə məlum oldu:
“Artıq iş o həddə çatıb ki, deyəsən, Avropa Şurasının baş katibi Ermənistan XİN-ə onun dilindən danışmağa vəkalət verib. Nəhayət, bütün maskalar yırtıldı”.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib.