Qida Təhlükəsizliyi Agentliyi sədrinin bölgələrə səfəri davam edir
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bölgələrə səfəri çərçivəsində Agentliyin Quba və Xaçmaz şəhərlərində fəaliyyət göstərəcək Regional Mərkəzlərin, Qusar rayonunda isə yerli bölmənin iş şəraitinə baxış keçirib.
Agentlikdən Aktor.Az-a verilən məlumata görə, Quba Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası ilə tanış olan Agentlik sədri aparılan laborator müayinələr, onların nəticələrinin qorunması və bununla bağlı vahid elektron bazanın yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra Q. Təhməzli Quba “ASAN xidmət” mərkəzində qida məhsulları sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin qeydiyyata alınması prosesinin həyata keçiriləcəyi bölməyə baxış keçirib. Agentlik sədri mərkəzdə fəaliyyət göstərəcək əməkdaşlara əsas məqsədin qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı xidmətlərin keyfiyyətli, rahat və müasir innovasiyaların tətbiqini təmin etmək olduğunu bildirərək qeydiyyatın və dövlət reyestrinin aparılması ilə bağlı göstəriş və tövsiyyələrini verib.
Quba Rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərlə görüşən Q.Təhməzli vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyib.
Əsasən Agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunmaq üçün müraciət edən sakinləri qəbul edən Q.Təhməzli müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.
Şimal regionlarına səfəri çərçivəsində Agentlik sədri Xaçmaz şəhərində fəaliyyət göstərəcək Regional Mərkəzin, Xaçmaz yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının və digər inzibati bölmələrin iş şəraitinə yerində baxış keçirib, əməkdaşların istək və arzularını dinləyib.
Sədr dövlətimizin başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunmasına və qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlar üçün münbit şəraitin yaradılmasına təkan verəcəyini vurğulayıb.