DiasporSiyasət

Gürcüstanda azərbaycanlı tələbələrlə görüş

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstana rəsmi səfəri çərçivəsində SOCAR-ın bu ölkədəki nümayəndəliyinin baş ofisində azərbaycanlı tələbələrlə görüşüb.

Komitədən Aktor.Az-a verilən məlumata görə, görüşdə onların təhsil məsələləri, Avropaya inteqrasiya, ana dili ilə bərabər, xarici dilləri də öyrənmələrinin də əhəmiyyəti  müzakirə olunub.

Fuad Muradov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, təhsilə  diqqət, gənclərin inkişaf etmiş ölkələrdə təhsil almaları barədə danışıb.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə daim diqqət və qayğı ilə yanaşır. Onların təhsili ilə bağlı addımlar atılır, proqram və layihələr həyata keçirilir.

Tələbələr bir sıra məsələlər barədə komitə sədrinə müraciət ediblər və Fuad Muradov onların suallarına ətraflı cavab verib.

Sonda təhsildə fərqlənən 10 tələbəyə kompüter hədiyyə olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.