Fuad Muradov gürcü nazirlə görüşdü
Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 13-də bu ölkənin mədəniyyət və idman naziri Mixail Georqadze ilə görüşüb.”Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
F.Muradov deyib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar: “Bu da bizə bütün sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır”.
Azərbaycanın qonşu və qardaş Gürcüstan ilə əlaqələrin bütün sahələr üzrə inkisafında maraqlı olduğunu vurğulayan Dövlət Komitəsinin sədri deyib ki, iki xalq oxsar tarix və talelər birləşdirir: “Səfərimizin əsas məqsədi də mədəni əlaqələrimizin, mədəni irsimizin qorunması, əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir”.
F.Muradov Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Heydər Əliyev Fondunun xətti ilə təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də çox vacib, mədəni layihələr həyata keçirilir.
Sonra F.Muradov regionda həyata keçirilən enerji və nəqliyyat layihələri, regional münaqişələrin təhlükəsizliyə və sabitliyə, inkişafa, mədəni irsə vurduğu zərbələr barədə danışıb, erməni separatizmi və işğalına qarşı birgə mübarizənin vacibliyini qeyd edib.
Nazir Mixail Georqadze deyib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafında xüsusilə maraqlıdır və hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq hər bir şəxs bu əlaqələrə böyuk önəm verir.
O bildirib ki, nazirlikdə xüsusi işçi qrupu yaradıldı yaradılıb. Bu qrup mədəni əlaqələrin inkişafı və daha da möhkəmlənməsi ilə məşğuldur: “Çox şadam ki, Azərbaycanda da belə bir qrup yaradılıb. Bu qruplar mədəni irsimizin mühafizəsi, birgə tədbirlərin təşkili və digər məsələlərlə məşğul olur”.
Nazir Gürcüstanda yaşayan azərbaycanlıların gurcü ictimaiyyətinə və Avropaya inteqrasiyasından razılığını ifadə edib, onlara öz mədəniyyətlərini inkişaf etdirmələri üçün hər cür şəraitin yaradıldığını bildirib.
Görüşdə mədəni irsin bərpası, mühafizəsi və gələcək nəsillərə çatdırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.