Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır
Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələr inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz həm ikitərəfli, həm də üçtərəfli formatlarda çox uğurlu əməkdaşlıq edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstanın xarici işlər naziri Mixail Canelidze ilə görüşündə səslənib.
Görüşdə Azərbaycanla Gürcüstan arasında əlaqələr, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri, ikitərəfli, həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə formatı çərçivəsində münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
M.Canelidze ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini xüsusi vurğulayıb. Bildirib ki, hər iki dövlət beynəlxalq təşkilatlarda da bir sıra vacib məsələlərdə eyni mövqedən çıxış edir.
F.Muradov Azərbaycan dövlətinin, əsasən də Prezident İlham Əliyevin Gürcüstanla münasibətlərə xüsusi önəm verdiyini söyləyib. Bildirib ki, iki ölkənin həyata keçirdiyi regional layihələr təkcə xalqlarımızın rifahının yaxşılaşmasına deyil, bütövlükdə regionun inkişafına, eləcə də Avropanın enerji təhlükəsizliyinə xidmət edir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər.