AAK təmsilçiləri avropalı deputatlarla görüşüblər
Avropa Azərbaycanlıları Konqresinin təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa ölkələrində təşkil edilən tədbirlər çərçivəsində Avropa Parlamentinin üzvləri ilə görüşüblər. Bu barədə Aktor.Az-a AAK prezidenti Sahil Qasimov məlumat verib.
İlk görüş Avropa Parlamentinin Bolqarıstandan olan millət vəkili İlhan Kuçuklə keçirilib. O bildirib ki, Parlament üzvləri ilə görüş böyük əhəmiyyət daşıyır və hər bir dövlətin diaspora təşkilatları Avropa Parlamenti ilə six əlaqədə olmalı, ölkələri haqqında çıxarılan qərəzli, haqsız qərarlara görə hesabat tələb etməlidirlər. İ.Kuçuk Azərbaycanın Brüseldəki səfirliyi ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə çalışdığını deyib.
Növbəti görüş Avropa Parlamentinin Latviyadan olan üzvü İveta Qriqule ilə keçirilib və hər iki deputatla Avropadakı Beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda Parlament üzvlərinə ingilis dilinə tərcümə olunmuş “Əli və Nino”kitabı hədiyyə edilib.
AAK-ın prezidenti və idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsqəndərovun dəvəti ilə ADR-ın 100 illiyi münasibəti ilə əlaqədar təşkil edilən rəsmi qəbulda istirak ediblər.