Magistraturaya ixtisas seçimi başlayır
2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 2018-ci il iyunun 8-dən 18-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən Aktor.Az-a verilən məlumata görə, ixtisaslaşma seçiminə 2018-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.
Bakalavrlar “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır.
Bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla DİM-in internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir.
Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Magistraturada dövlət hesabına təhsil almış magistrlər yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.
Xarici dil imtahanını ərəb və ya fars dili üzrə verən bakalavrlar “İxtisaslaşma seçimi cədvəli”nə əsasən, yalnız 38 saylı və ya 46 saylı proqrama aid olan ixtisaslaşmaları seçə bilərlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmasını yalnız təhsil ixtisasları qrupunun ixtisaslarından birini bitirib 27 saylı proqram üzrə imtahan vermiş bakalavrlar seçə bilərlər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə olmaqla yalnız dövlət sifarişi əsasında aparılır. Müsabiqə şərtini ödəyən və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar 2018-ci il iyunun 10-dək DİM-in saytında elektron qeydiyyatdan, 12-14 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.
Fövqəladə Hallar Nazirliyinin və Polis Akademiyasının magistraturalarının ixtisaslaşmalarını yalnız həmin akademiyaların məzunları seçə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.
Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır.
Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq.