GündəmManşetSiyasət

Əhməd Şahidov Dilqəm Əsgərov və Şahbaz Quliyevin işindən danışdı

“Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunan videomateriallar tək Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən təqdim olunan görüntülər deyil. Onların arasında digər yollarla əldə olunmuş görüntülər də var”.
Bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib. Sədr bildirib ki, əldə edilən materiallar üzərində iş aparılır: “Bu barədə çox ətraflı danışmaq istəmirəm. Avropa İnsan Haqları Məhkəməsinə Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı təqdim olunan videomateriallar sübutdur. Əlimizdə olan materiallardan, sübutlardan səmərəli istifadə etməyə çalışacağıq. Bizim qüvvədə olan qanunvericiliyə əsasən, sübutlar qanuni yolla əldə edilməlidir. Ancaq işğal olunmuş Dağlıq Qarabağda işğalçı rejimin qondarma məhkəməsində, qondarma həbsxanasında hansı qanundan söhbət gedə bilər?! Axı orada qanun yoxdur ki, sübutların qanuni yolla əldə edilməsindən danışaq. Cinayətkarlar tərəfindən həbs olunan insanlara qarşı törədilən vəhşiliklər, cinayətlərdə hansı qanundan söhbət gedə bilər? Bunlar qanundan kənar məsələlərdir”.
Vəkillər Kollegiyasının narahatlığı ilə bağlı “Şərq”ə danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, Dağlıq Qarabağ qondarma və tanınmayan bir “respublikadır”. Beynəlxalq arenada heç bir statusları yoxdur. Ona görə də bütün məsələlər birbaşa Ermənistan Respublikası ilə həyata keçirilir:
“Bütün beynəlxalq platformalarda, məhkəmələrdə qarşı tərəf kimi Ermənistan çıxış edir. Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı da təbii ki, sübutlar rəsmi İrəvan tərəfindən təqdim olunacaq. Əlbəttə, çətin məsələdir. Avropa İnsan Haqları Məhkəməsi həm Azərbaycan tərəfinin işgəncələrlə bağlı təqdim edəcəyi videolara nəzər yetirəcək, həm də Ermənistanın da təqdim edəcəyi materiallara baxacaq. Sonda hansı qərarın veriləcəyini demək, bir qədər tələsik fikir yürütmək olar. Hər halda həm Azərbaycan dövləti, həm Vəkillər Kollegiyası olaraq, həm də vətəndaş cəmiyyəti olaraq çalışacağıq ki, Avropa Məhkəməsində kifayət qədər yüksək səviyyədə iştirak edək. Çalışmalıyıq ki, girovlarımızın tapdanmış hüquqları qorunsun.
Təkcə, onlara işgəncə verilməsi deyil, ümumiyyətlə, girovların qanunsuz olaraq həbs olunması və uzun müddət orada saxlanması məsələləri də qaldırılacaq. Məhkəmə dinləmələrə başlayan kimi aktiv şəkildə orada iştirak edəcəyik”.
 Hüquqşünas bəyan edib ki, Avropa İnsan Haqları Məhkəməsi nüfuzlu beynəlxalq platformadır. Belə bir məhkəmədə girovlarımızla bağlı məsələnin qaldırılması problemin dünya ictimaiyyətinə çatıdırlmasına, digər dövlətlərin də məlumatlandırılmasına imkan yaradacaq: “Hətta məhkəmə Azərbaycan tərəfinin iddiasını təmin etməsə belə müəyyən faydaları olacaq. Ən azından beynəlxalq dünyanın diqqətini bu məsələyə yönəldə biləcəyik. Ona görə də bütün səylərimizi birləşdirməliyik”.